BAKI, 28 avqust — Sputnik. Azərbaycanda ruhi xəstələrin sayında yüksələn dinamikanın olması həm də narkomanların sayının artması ilə əlaqədardır. Çünki narkomaniya və alkoqalizm beynəlxalq təsnifatda psixi davranış pozuntuları, ruhi xəstəlik adlanır.
Bunu Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçəri deyib. Narkomanların sayının artdığını deyən A.Manuçəri bildirir ki, psixi xəstələrin sayının artmasının digər səbəbi diaqnostika sahəsindəki irəliləyişlər və mütəxəssislərin müasir yanaşması ilə əlaqədardır.
O deyir ki, ruhi xəstəliklərin yaranmasında genetik amillə yanaşı mühitin də təsiri var: "Pandemiyadan sonra nevroz, psixi problemli xəstələrin, psixozların, depressiyadan əziyyət çəkənlərin sayı artdı. Qeyd edim ki, ruhi xəstəliklər arasında nevrozdan əziyyət çəkənlər üstünlük təşkil edir".
A.Manuçəri bildirir ki, həyat ritminin dəyişməsi, informasiya yükünün artması da bu rəqəmlərdəki dinamikaya səbəb olub:
"Belə bir vəziyyətdə rəqəmlərin artması normaldır. Öncələr cəmiyyətdə təcavüz az idisə, indi bu rəqəmlər də yüksəlibsə, deməli belə xəstələrin sayı da artacaq. Öncələr insanlar sabaha gümanla bağlı çox təşviş, həyəcan yaşamırdısa, artıq o təşviş, həyəcan da artıb. Bundan başqa, yaşlıların sayı artırsa, bu o deməkdir ki, yaşla əlaqədar psixi xəstəliklərin də sayı artacaq".
Psixiatr Bəxtiyar Mustafayev fizioloji xəstəliklər sırasında ən geniş yayılan üç xəstəlikdən biri də depressiyadır: "Əslində depressiya, panika, əlləri tez-tez yumaq, hər şeyi təkrar-təkrar yoxlamaq psixotrik problemdir. Son zamanlar bu cür problemlərdən əziyyət çəkənlərin sayı artıb".
B.Mustafayevin sözlərinə görə, karantin dövründə sosiallaşmanın olmaması insanları bir-birindən uzaqlaşdırdı: "Bu cür amillər də depressiyanın yaranmasında əsas rol oynayır”.
Psixiatr qeyd edir ki, pandemiya ilə yanaşı internet, sosial şəbəkələrin də psixi xəstəliklərin sayının artmasında rolu var.
O bildirir ki, bu cür problemlər yeni yetişən nəsildə daha çoxdur: "Çünki yetişməkdə olan nəsil bütün günü telefonla oynayır, insanlardan təcrid olunur, asosiallaşırlar".
B.Mustafayev onu da vurğulayır ki, psixiatrik xəstəliklərin yaranmasıın digər səbəbi biopsixoloji deyil, biopsixo sosial səbəblərin də rolu var: "Bu da beyində olan dofaminlə, adrenalin seratonu ilə əlaqəlidir".
Dövlət Statistika Komitəsinin yeni açıqladığı hesabata nəzər yetirək:
2015-ci ildə psixi pozuntular vә davranış pozuntularına görə 7 min 764 nəfər ilk dəfə qeydiyyata düşüb, əhalinin hər 10 min nəfərinə görə belə xəstələrin sayı 8.1 olub. 2020-ci ildə isə ilk dəfə qeydiyyata düşən belə xəstələrin sayı 12 min 334 olub. Bu xəstələrin əhalinin hər 10 min nəfərinə düşən sayı 12.4 olub. Ötən il isə rəəqmlərdə kəskin artım qeydə alınıb. Belə ki, 2021-ci ildə psixi pozuntular vә davranış pozuntularına görə 14 409 nəfər ilk dəfə qeydiyyata düşüb, əhalinin hər 10 min nəfərinə düşən belə xəstələrin sayı 14.4 olub.
Ümumiyyətlə 2015-ci ildən bu yana, eyni zamanda da ötən il rəsmi olaraq qeydiyyatda olan belə xəstələr arasında ölüm halı qeydə alınmayıb.
Yaşı 18-dək olan uşaqların arasında da psixi pozuntular vә davranış pozuntularından əziyyət çəkənlərin sayı artıb. Belə ki, 2015-ci ildə ilk dəfə qeydiyyata salınan belə uşaqların sayı 1 739, ötən il isə 3 112 olub. 2015-ci ildə 18 yaşadәk uşaqların hәr 10 000 nәfәrinә düşәn xәstәliklәrin sayı 6.8, 2021-ci ildə isə 11.9 olub.
DSK-nın məlumatına görə, 0-13 yaşlılar arasında da bu xəstəliklərdən əziyyət çəkənləri sayı artıb. Belə ki, 2010-cu ildə ilk dəfə diaqnoz qoyulan belə xəstələrin sayı 1 341, 2015-ci ildə 1 338, 2020-ci ildə 1 946, ötən il isə 2 440 olub.
14-29 yaşlılar arasında ilk dəfə qeydə alınan bu rəqəm 2010-cu ildə 3 852, 2015-ci ildə 2 584, 2020-ci ildə 4 177, ötən il isə 4 193 olub. Yaşı 30-dan yuxarı olanlar arasında da artan dimanika müşahidə edilir. Belə ki, 2010-cu ildə ilk dəfə qeydə alınan belə xəstələrin sayı 6 008, 2015-ci ildə 3 842, 2020-ci ildə 6 211, ötən il isə 7 776 olub.
Qeyd edək ki, ölkədə psixi xəstələr üçün 4 047 nəfərlik çarpayı fondu var.