BAKI, 27 avqust — Sputnik. Dünyada sosial şəbəkə vasitəsi ilə məşhurlaşan, arzularının sərhəddinə çatan xeyli sayda adam var. Pərvin Səfərov isə heyvanları otararkən zümzümə etdiyi mahnının onu öz arzularının reallaşmasına doğru aparacağını bəlkə də ağlının ucundan belə keçirməmişdi. Amma o, bir gecənin içində fenomenə çevrildi.
Mükəmməl səs tembrinə malik Pərvinin yatsa yuxusuna da girməzdi ki, bir gün nəinki Azərbaycanda, xarici ölkələrdə də tanınacaq. Əvvəllər çobanlıqla məşğul olan qəhrəmanımız uğura aparan yol barədə əməkdaşımıza danışıb:
"2016-cı ilə qədər yol tikinti şirkətində traktorçu idim. 2017-ci ildə şirkətdə ixtisarlar oldu, mən də işdən uzaqlaşdırıldım. Kəndimizə qaytdım, yenə də əvvəlki kimi çobançılıqla məşğul olmağa başladım. 2017-ci ilin aprel ayı idi, həmişəki kimi qoyun otarırdım. Köhnə bir telefonum var idi, onun da ön kamerası yox idi, arxa kamerası ilə çəkdim. Öncə Tofiq Quliyevin bəstəsi olan "Axşam" mahnısını ifa etmişdim. Paylaşanda da tərəddüd edirdim ki, kimsə bəyənməz, insanların xoşagəlməz rəylər yazmasından ehtiyat edirdim. Axşam videonu sosial şəbəkələrdə paylaşdım. Səhər qoyunları otarmağa aparanda dostlarım zəng etdilər ki, populyar olmusan. Girib sosial şəbəklərə baxdım ki, xeyli insan paylaşıb bu videonu".
Həmin videodan sonra Pərvin haqqında təkcə ölkə mediası yox, dünya mediyası da repotajlar hazırlayır:
"Həmin il məni Milli Konservatoriyaya dəvət elədilər. Amma testdən keçə bilmədiyimə görə, həmin il qəbul oluna bilmədim. Daha sonra Mədəniyyət Nazirliyinə çağırdılar, kəndimizdəki kluba işə dəvət etdilər. Konservatoriyaya qəbul olmadığıma görə, məyus oldum. Daha sonra "Nazəndə sevgilim"i oxuyub paylaşdım. Həmin mahnı Türkiyədə böyük maraqla qarşılandı. Orada "Twitter"də daha çox paylaşılmışdı.
Daha sonra oranın televiziyaları da mənim haqqımda reportajlar hazırladılar. Öndə gedən türk kanalları videonu tam olaraq yayımlamışdılar. Həmin ərəfələrdə Türkiyənin məşhur şirkəti olan "Acun Media" mənimlə əlaqə saxladı, "O səs Türkiyə"yə dəvət elədilər. Həmin ərəfədə paralel olaraq "Fox türk"dən və digər kanallarından təklif aldım. Bu təkliflərin yalnız birini seçəmli idim. Mən də "O səs Türkiyə"ni seçdim. Orada Murad Bozun komandasında 3 tur davam elədim. Layihə rəhbəri Acun Ilıcalı dedi ki, "Twitter"dən gələn çoxsaylı istəkləri nəzərə alaraq sizi dəvət etdik".
Zaman keçdikcə, Pərvinin uğurları artır. 2018-ci ildə ən böyük arzusuna çatır – Azərbaycan Milli Konservatoriyasına qəbul olunur. Bu il o, Solo oxuma (milli vokal) ixtisasını bitirib. Pərvin deyir ki, bu uğurlar bir zamanlar onun üçün sadəcə bir xəyal idi:
"Doğulduğum Neftçala rayonunda istər qadın, istərsə də kişi bu sənəti seçməyə cürət etmirdi. Uzaqbaşı müəllim olurdular, ya da başqa sənətə gedirlər. Mən bölgəmizdə bu sahə üzrə "pioner"əm. Məndən sonra bölgəmizdəki insanlarda özlərinə inam yarandı ki, Neftçaladan da incəsənət adamı çıxa bilər. İndi görürəm ki, valideynlər övladlarını musiqi məktəblərinə göndərirlər.
Mən məktəbi bitirəndə müəllimlərim deyirdilər ki, səsin yaxşıdır, get sənətini davam etdir. Amma ailəm və yaxınlarım deyirdilər ki, "get özünə ciddi sənət seç, mahnı oxumaq sənət deyil". Bu fikirlərə görə, uzun illər tərəddüd içində yaşadım. "İllərim tərəddüd içində hədər getdi, deyə bilərəm. Amma məhz həmin insanlar uğurlarımı görəndən sonra "sənə deyirdim də, istedadın var, qabağa gedə bilərsən" deməyə başladılar.
Pərvinin sözlərinə görə, 2005-ci ildə Lənkərandan olan bir tanışı onu orada musiqi kollecində oxumağa çağırıb:
"Mənim səsimi yoxladılar. O vaxt həmin kollecin ödənişi təxminən 400 dollar idi. müəllimlə sağollaşıb atamın yanına gələndə gördüm ki, onun fikirləri dəyişib. Yanındakılar atama deyiblər ki, "əşi, səsi varsa, təhsil almaq vacib deyil, getsin toylara, pulunu qazansın". Gördüm atamın fikri dəyişib, anladım ki, mübarizə aparmağın mənası yoxdur. Onu fikrindən döndərə bilməyəcəm".
Qəhrəmanımız yol-tikinti şirkətində fəhlə işləyən zaman ölkə telekanallarında yayımlanan müsabiqələrə qatılmaq istəsə də, onu qəbul etməyiblər. Hər dəfə bir bəhanə ilə uzaqlaşdırılıb:
"Hər dəfə müsabiqələrə qatılmağa cəhd edirdim. Hər dəfə də ədalətsiz qərarla uzaqlaşdırılırdım. Məyus olub, qayıdırdım, fəhləliyimi davam etdirirdim".
Şou-biznes aləmini "qurdlar süfrəsi"nə bənzədən müsahibimiz bildirir ki, verilişlərdə qalmaqallı suallar verilsə də, o, bundan qaçır:
"Verilişlərə gedirəm, reytinq üçün qalmaqallı suallar verirlər. Mən sülh adamıyam, çalışıram həmişə qalmaqaldan uzaq olum. Amma baxıram ki, sənəti də, səsi də məndən zəif olan biri bu ucuz reklamın hesabına daha çox uğur qazanıb, tədbirlərdə təmtəraqla qarşılanır, səhnəyə məndən əvvəl çıxır. Ümumiyyətlə, şou-biznesdə olanlarla digər insanlar arasında çox böyük fərq var. Sanki oranın insanları bu dünyada yaşamırlar. Bilmək olmur hansı səmimidir, hansı qeyri-səmimi, hansı düşmənindir, hansı dostun".
Gələcək planlarına gəlincə, Pərvin Səfərov ya Hərbi Orkestrdə, ya da ölkə teatrlarından birində işləmək istəyir.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.