BAKI, 27 avqust - Sputnik. “Kimlər tərəfindənsə ATƏT-in Minsk qrupunun reanimasiyası ilə əlaqədar edilən cəhdlər riyakarlıq və utancverici bir addımdır”.
APA-nın xəbərinə görə, bunu Şuşada ABŞ-ın Minsk qrupuna yeni həmsədr təyin etməsinə münasibətini açıqlayan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, Minsk qrupunun həmsədrlik missiyasını yerinə yetirən dövlətlər beynəlxalq ictimaiyyət qarşısında müəyyən dərəcədə utanmalıdır: “Çünki BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həmin dövlətlərə beynəlxalq ictimaiyyətinin mandatı verilmişdi ki, bu ədalətsizliyi aradan qaldırsınlar, işğal və təcavüzə son qoysunlar. Bir qarış Azərbaycan torpağı işğaldan azad olunmadı, bir Azərbaycan vətəndaşı öz torpağına qayıtmadı. 30 illik uğursuz fəaliyyətdən sonra kimisə Minsk qrupunun həmsədri təyin etmək yalnız utancverici bir addımdır. Burada hər hansı fəxarət duyacaq addım yoxdur ki, bundan danışılsın. Bizim üçün artıq belə bir təsisat yoxdur. Minsk qrupu özü özünü sui-qəsdə düçar etmiş təsisatdır, Minsk qrupu artıq tarixin bir hissəsidir”.