TƏHSİL

Təhsil İnstitutundan dezinformasiya açıqlaması

30 avqustdan etibarən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə start veriləcək.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ləğv edilməsi ilə bağlı məlumatlar yayılır.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, paylaşılan məlumatlar dezinformasiya xarakterlidir, həqiqəti əks etdirmir.
"Vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik. Xatırladaq ki, 30 avqustdan etibarən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə start veriləcək. Sertifikatlaşdırma prosesinə cəlb olunmuş müəllimlər şəxsi kabinetlərinə göndərilmiş vaxtda imtahan mərkəzinə yaxınlaşmalıdırlar", - deyə məlumatda qeyd edilib.
Təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib.
Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər.
Qeyd edək ki, ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq. Növbəti mərhələdə isə buraxılış fənn müəllimlərinin sertifikatlaşdırılmasına başlanılacağı gözlənilir.