İQTİSADİYYAT

Rusiyada Azərbaycan almasına tələb artıb - İxrac sərfəlidir

Azərbaycanın alma ixracı azalıb, amma ixracdan gəlirlər artıb. Bu il alma yaxşı qiymətə satılır. Ekspert alma əkməyin sərfəli olduğunu söyləyib.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Bu il Azərbaycanın alma ixracı azalıb, lakin ixracdan gəlirlər artıb. Başqa sözlə, ixracda həcm baxımdan azalma olsa da, dəyər baxımdan artım baş verib. Gəlirlərin artması almanın qiymətinin baha olması ilə bağlıdır.
19 min tondan çox alma xaricə gedib
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 7 ayında Azərbaycandan 13 milyon 226 min dollar dəyərində 19 min 703 ton alma ixrac edilib. Keçən ilin 7 ayında isə 12 milyon 616 min dollar dəyərində 27 min 571 ton alma ixrac edilib. Bu, həcm baxımından 28,5 faiz az, dəyər baxımından 4,8 faiz çoxdur.
Almanın əksəriyyəti Rusiyaya göndərilib
Cari ilin birinci yarısında Azərbaycandan Rusiyaya 12 milyon 104 min dollar dəyərində 17 min 981 ton alma göndərilib. Keçən ilin birinci yarısında isə ölkəmizdən Rusiyaya 11 milyon 242 min dollar dəyərində 24 min 580 ton alma ixrac edilib. Bu da həcm baxımından 26,8 faiz az, dəyər baxımından isə 7,7 faiz çoxdur. Göründüyü kimi, Rusiyaya ixracda həcm baxımından azalma olsa da, gəlir baxımından artım qeydə alınıb. Cari ilin birinci yarısında Azərbaycanın cəmi alma ixracının 96,25 faizi Rusiyanın payına düşüb. 6 ayda ölkəmizin cəmi alma ixracı 18 min 680,14 ton olmuşdu.
Köhnə alma bağları ləğv edilir, yeni intensiv bağlar salınır
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, Rusiyanın Azərbaycan almasına tələbatı artıb və ona görə də qiymət bahalaşıb:
"Amma ixracın azalmasının əsas səbəbi yeni intensiv bağların salınması ilə əlaqədardır. Azərbaycanda alma əsasən şimal bölgəsində yetişdirilir. Burada köhnə alma bağları ləğv edilir, yeni intensiv bağlar salınır. İntensiv bağlar da ən çox 3 ilə məhsuldar səviyyəyə gəlirlər. Köhnə alma bağları kütləvi şəkildə ləğv edilir. Ona görə də ixracın azalması müvəqqəti xarakter daşıyır. Bir az vaxt lazımdır ki, bu bağlar bəhrəsini versinlər. Bizim alma ixracımızın azalması bununla bağlıdır və müvəqqəti haldır".
"İntensiv bağlarda yeni alma sortları əkilib və bunlar dünya bazarında daha baha qiymətə satılır. Bunlar adi ağ almadan daha bahadır. Ona görə də fermerlər köhnə bağları ləğv edib, yeni intensiv bağlar salırlar. Burada sadəcə bir az vaxt lazımdır", - deyə ekspert qeyd edib.
Bu il alma yaxşı qiymətə satılır
O diqqətə çatdırıb ki, bu il alma yaxşı qiymətə satılır və təxminən 50 faiz bahalaşma var: "Hazırda bağlarda almanın kiloqramı 1 manat - 1 manat 20 qəpiyə satılır. Xərcləri də nəzərə alsaq, 1 kiloqram almanın Rusiyaya çatdırılması təxminən 3 manat 50 qəpiyə - 4 manata başa gəlir. Alma əkilməsi sərfəlidir. Ümumiyyətlə, ixracyönümlü meyvələrin əkilməsi məsləhətdir".
Əsas ixrac bazarı Rusiyadır
Qeyd edək ki, 2021-ci ildə ölkədə alma istehsalı 2015-ci ilə nisbətən 20,3 faiz, 2020-ci ilə nisbətən isə 2,3 faiz artaraq 308,4 min ton olub. 2021-ci ildə alma istehsalının 41,9 faizi Quba, 17 faizi Xaçmaz, 11,3 faizi Qusar, 4,9 faizi Naxçıvan MR, 4,4 faizi isə Gədəbəyin payına düşüb.
2021-ci ildə ölkədə istehsal edilən almanın 21,7 faizi ixrac olunub və əsas ixrac bazarı Rusiyadır. İxrac olunan almanın 94,1 faizi Rusiyanın, 4,6 faizi Qazaxıstanın, 0,3 faizi İranın, 1 faizi isə digər ölkələrin payına düşüb.
Rusiyaya alma ixracı ilə bağlı məhdudiyyətlər tam aradan qaldırılıb
Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor və alma ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. Bu ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor və almanın bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilib, pomidor və alma məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb.