BAKI, 26 avqust — Sputnik. Bakıda rus dilli məktəblərdə birinci sinfə şagird qəbulu dayandırılıb. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib.
Rusdilli məktəblərdə şagird sıxlığı müşahidə olunur
Valideynlər bildiriblər ki, paytaxtda fəaliyyət göstərən məktəblərin rus dili bölmələrində siniflərin hamısı dolub. Onlar bu səbəbdən övladlarına rus dilində təhsil verən məktəb tapa bilmirlər. Valideyn Aysel Eyvazova bildirib ki, Bakıda tədris rus dilində aparılan məktəbdə yer olmadığından övladını özəl rusdilli məktəbə qoyub.
Digər Bakı sakini isə iki ildir, nəvəsinin rus dilində təhsil almasına çalışsa da, buna nail ola bilmir. Rafiq Mamedov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəvəsi müsabiqədə iştirak etsə də, hər dəfə müxtəlif bəhanə ilə kəsilib:
"Mənim nəvəm rus dilində verilən bütün suallara cavab verdi. Ondan adının rus dilində mənasını soruşduqda deyə bilmədi. Buna görə nəvəmi imtahandan kəsdilər".
R.Mamedovun sözlərinə görə, rus bölməsində şagird sayı çox olduğundan, müsabiqədə iştirak edən uşaqları müxtəlif bəhanələrlə kəsirlər:
"Mən bu yaşda adımın mənasını bilmirəm. 1-ci sinfə gedən uşaqdan adının mənasını soruşmaq absurddur. İki yerə, Sumqayıta və Bakıya apelyasiya üçün müraciət etsəm də, rus dilində müsahibədən kəsilənlərlə bağlı apelyasiya şikayətinə baxılmadığını bildirdilər. Məcbur olub bu il nəvəmin sənədlərini 33 saylı tədris Azərbaycan dilində aparılan məktəbə verdim".
Bakı sakini deyir ki, iki il nəvəsini rus dilli məktəbə qoymaq üçün təhsildən kənar saxlamasının səbəbi öz ana dilini sevməməsi ilə bağlı deyil. Həmsöhbətimiz deyir ki, ana dilini öz canı, qanı qədər sevir:
"Vətənimi də, dilimi də sevirəm. Amma istəyirdim ki, nəvəm rus dilində təhsil alsın. Çünki, indi adi mağazaya satıcı götürəndə də rus dili tələb edirlər. Uşaq ana dilində sərbəst danışır. Rus dilində təhsil alarsa dünya görüşü artar. Bir çox xalqlarla rus dilində ünsiyyət qurmaq mümkündür. Rus dilində kitablar çoxdur. Ən əsası rus dilində yaxşı oxuyub yaza bilərsə, harasa işə düzələndə bu üstünlük kimi qəbul olunur. Ona görə istəyirdim nəvəm rus dilində oxusun. Amma qismət deyilmiş".
Məlumat üçün bildirək ki, Azərbaycanda rus dilində təhsil dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. "Təhsil haqqında" və "Ümumtəhsil haqqında" qanunların tələblərinə əsasən, orta məktəblərdə digər dillərdə təhsil almaq arzusunda olan uşaqlar müsahibələrdən keçirilməlidir. 2019-cu ildən etibarən digər dildə tədris aparılan bölmədə oxumaq istəyən uşaqların birinci sinfə qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirilir. Uşaqlar şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir. Müsahibədən keçə bilməyən uşaqlar digər dildə tədris aparılan bölmələr üzrə təhsil ala bilməzlər.
Rusdilli təhsilə təlabat ildən-ilə artır
Qeyd edək ki, Azərbaycanda orta məktəblərdə rus dilində təhsilə təlabat il-ildən artır. Əgər beş il əvvəl 90 min şagird rus dilində təhsil alırdısa, ötən tədris ilində onların sayı 150 mini keçib. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 4 mindən çox ümumtəhsil məktəbinin 300-dən çoxunda rus bölməsi var.
Azərbaycanda 334 rus dilində təhsil verən məktəb və tədrisin yalnız rus dilində aparıldığı 17 məktəb var. Ölkə üzrə ümumtəhsil müəssisələrinin rus bölməsində təhsil alan şagirdlərin sayı 156 mindən çoxdur. 2021-2022-ci tədris ili üzrə qeydə alınan 1 milyon 590 minə yaxın şagirdin təxminən 10 faizini təşkil edir. 2022-2023-cü tədris illəri üzrə isə statistika hələki qəbul prosesi sentyabrın 15-dək davam etdiyindən bəlli deyil.
Statistik rəqəmlər və müraciətlər də göstərir ki, ölkəmizdə rus dilində təhsil almağa maraq kifayət qədərdir. Bəs görəsən bu halda ümumtəhsil müəssisələrində rus dili bölmələrinin və məktəblərinin sayının artırmaq olarmı?
Rusdilli siniflərin və məktəblərin sayı niyə artırılmır?
Elm və Təhsil naziri Emin Əmrullayev dünən keçirdiyi brifinqdə rus dilli məktəblərdə və məktəblərin rus dili bölmələrində yer çatışmazlığı məsələsinə aydınlıq gətirib. Bu barədə jurnalistlərin suallarını cavablandıran nazir bildirib ki, rus bölməsində yerlər məhdud saydadır.
Nazirin sözlərinə görə, ümumilikdə rus dili bölmələrinə 14 min şagird yeri ayrılıb. Problemin yaranmasına səbəb rus dilində təhsil almağa müraciətlərin bu rəqəmdən çox olmasındadır. Nazir bildirib ki, bəzi yerlərdə rus dili bölmələrinə boş yerlər var. Həmin yerlərə müsabiqədən keçən şagirdlər yerləşdirilir. Amma boş yer olmadıqda həmin uşaqlar Azərbaycan bölməsinə yönləndirilir.
E.Əmrullayev bildirib ki, valideynlərin istəyi ilə yanaşı, mövcud imkanlar da başa düşülməlidir.Nazir qeyd edib ki,rusdilli siniflərdə şagird sayını artırmaq çətindir. Bu zaman dərsin keyfiyyəti aşağı düşür:
"Vəziyyətdən digər çıxış yolu, yeni siniflərin açılmasıdır. Bu gün mövcud rus dili bölmələrinin keyfiyyətini qoruyub saxlamaq nazirlik üçün ağrılı məsələdir. Çünki, müəllim yoxdur. Bunun üçün sizin diqqətinizə Müəllimlərin İşə Qəbulu üzrə imtahanda yaranmış bir məqamı çatdırmaq istəyirəm. Biz MİQ imtahanı üçün elan etdiyimiz yerlərin 15-18 faizini doldura bilirik. Xeyli sayda vakant yerlərimiz var. Amma həmin vakansiyalarda işləyəcək rus dilli müəllim tapa bilmirik".
Vakansiya var, müəllim yox!
E. Əmrullayev bildirib ki, hətta rusdilli müəllimlərin məktəblərə cəlb edilməsi üçün MİQ imtahanlarında keçid balı 30-a salınıb. Onun fikrincə, keçid balını bundan aşağı salmaq şagirdlərə qarşı ədalətsizlikdir:
"Biz nazirlik olaraq şagirdin qarşısına rus bölməsi üzrə 30 baldan aşağı toplayan müəllimi çıxarda bilmərik. Məsələn, rus bölməsində riyaziyyat fənni üzrə 106 vakant yer üzrə cəmi 22 namizəd keçid balını topalyıb. Bir çox alələrdə valideynlər rus dilində bilməsə belə, uşağını aşağı yaşdan stresə salıb rus bölməsinə yerləşdirmək istəyirlər. Bu isə nə uşağa, nə də valideynə heç nə vermir. Biz rus bölməsinin sayını və keyfiyyətini saxlayırıq.
Bundan sonra da biz onları keyfiyyətli saxlamaq istəyirik. Amma nəzərə alaq ki, namizəd olmaldır ki, biz onları işə götürək. MİQ imtahanında Təsviri incəsənət üzrə rus bölməsində 93 yerə 16 müəllim keçib. Coğrafiya fənni üzrə rus bölməsində 48 yerə 7 namizəd var. İnformatika fənnində 158 yer üzrə12 müəllim işləmək istəyir. Ona görədə rus bölmələrinin sayını artırmaq fiziki olaraq mümkün deyil".
Rusdilli müəllim niyə tapılmır?
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında müxtəlif fənlər üzrə rusdilli müəllim çatışmazlığının səbəblərini belə izah edir: "İki il öncı Qubada səfərdə olarkən gördük ki, orada məktəbdə əsas fənn müəllimləri- fizika, kimya, biologiya ixtisasları üzrə müəllim yoxdur. Səbəblərini araşdırdıqda gördük ki, Qubaya imtahanla düşən müəllimlər iki ay işlədikdən sonra işdən çıxırlar. Həmin müəllimlərin niyə Bakıdakı rusdilli məktəbə yox, Qubadakı ucqar dağ kəndinə düşməsinin səbəbi isə aşağı bal toplamasıdır. Rusdilli müəllimlər MİQ imtahanlarında Bakı məktəblərinə keçmək üçün o tələbləri ödəyə bilmirlər".
Həmsöhbətimiz deyir ki, rus dili üzrə kifayət qədər müəllim hazırlanır. Amma onlar MİQ imtahanında çox aşağı nəticələr göstərirlər: " MİQ imtahanında 25 bal toplayan müəllimə necə dərs vermək olar? "
İ. Orucov deyir ki, bundan əlavə rusdili bölməsində təhsil alan məzunların böyük əksəriyyəti müəllimliyi seçmirlər: "Onların əksəriyyəti xaricdə təhsil alırlar. Yaxud başqa ixtisaslar seçirlər".
İ. Orucov bildirir ki, sovet dövründəki rusdilli müəllimlərlə hazırki rusdilli müəllimləri müqayisə etməyə dəyməz: "Əvvəl rus bölməsində dərs deyən müəllimlər daha savadlı idilər. İndi rus bölməsi üzrə savadlı müəllim azdır. Bakının məktəblərində belə savadlı müəllim sayı azalıb. Digər səbən isə odur ki, rus dili müəllimliyini seçənlər belə əmək bazarında alternativ işləri seçirlər. Onlar müəllim işləmək istəmirlər. Çünki, rusdili biliyi yüksək səviyyədə olanlara əmək bazarında daha yüksək gəlirli işlər var. Onlar 400-500 manata müəllim işləməkdənsə, hansısa şirkətdə yüksək əmək haqqı olan işə üstünlük verirlər".
Həmsöhbətimiz deyir ki, vəziyyətdən çıxış yolu müəllimlərin əməyini stimullaşdırmaqdan keçir: "Bu baxımdan Elm və Təhsil Nazirliyinin sertifikasiya aparmasını alqışlayıram. Müəllimlərin əmək haqqını kütləvi şəkildə artırmaqdansa, sertifikasiyada uğur qazanan müəllimlərin əməyini qiymətləndirmək daha yaxşıdır".
İ. Orucov həmçinin qeyd etdi ki, DİM-in nəticələrinı görə, rusdilli abituriyentlər son illər ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə qazanmırlar. Bu isə rusdilli məktəblərdə tədrisin keyfiyyətinin aşağı düşməsinə, MİQ imtahanlarında müəllimlərin aşağı bal toplamasına gətirib çıxardır. Onun sözlərinə görə, son illər rus dili bölməsi üzrə ali məktəblərə qəbulda da azalma var. Bu da kadr çatışmazlığına səbəb olur.
Ali təhsildə rus bölməsi üzrə qəbul azalıb
Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, DİM-in "2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının Ali və orta ixtisas müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili"nə görə, dövlət sifarişi əsasında 19744 nəfər (əlavə olaraq 98 yer müsabiqədənkənar) tələbə qəbulu nəzərdə tutulub. Həmin il Azərbaycan bölməsindən 42236, rus bölməsindən isə 3964 nəfər abituriyent bu yerlərin müsabiqəsində iştirak etmək hüququ qazanıb.
Abituriyentlərdən müsabiqə iştirakçılarının 92.58%-i (26393 nəfər) Azərbaycan, 7.42%-i (2115 nəfər) isə rus bölməsini təmsil edibdir. Rus bölməsində bu göstəricilər, müvafiq olaraq, 35.18%, 16.26%, 19.67%, 7.52% və 22.13%-dir. Həmin ilin qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinin dövlət sifarişi əsasında ayrılan 19744 plan yerinə 17722 nəfər qəbul olunub.
Dövlət sifarişli yerlər üzrə müsabiqədə I ixtisas qrupundan 11849 nəfər (9605 abituriyent, 2244 subbakalavr) iştirak edib. Onların Azərbaycan bölməsində 62.87%-i, rus bölməsində isə 73.48%-i qəbul olub. Beləcə dövlət sifarişi 82.11% yerinə yetirilib.
II ixtisas qrupu üzrə müsabiqədə 6159 nəfər (4409 abituriyent, 1750 subbakalavr) iştirak edib. Onların Azərbaycan bölməsində 50.17%-i, rus bölməsində isə 43.58%-i qəbul olaraq dövlət sifarişi 98.11% yerinə yetirilib.
III ixtisas qrupundan müsabiqədə 8903 nəfər (7465 abituriyent, 1438 subbakalavr) iştirak edib. Onların Azərbaycan bölməsində 41.94%-i, rus bölməsində isə 34.47%-i qəbul olub, dövlət sifarişi üzrə ayrılan yerlər 98.80% dolub.
IV ixtisas qrupundan müsabiqədə 3640 nəfər (2786 abituriyent, 854 subbakalavr) iştirak edib. Onların Azərbaycan bölməsində 55.39%-i, rus bölməsində isə 54.84%-i qəbul olmuş, dövlət sifarişi 89.16% yerinə yetirilib.
V ixtisas qrupundan müsabiqədə 4713 nəfər (4446 abituriyent, 267 subbakalavr) iştirak edib. Onların Azərbaycan bölməsində 28.61%-i, rus bölməsində isə 40.88%-i qəbul olaraq dövlət sifarişi üzrə ayrılan yerlər 97.91% dolubdur. Beləcə ali təhsil müəssisələrinin dövlət sifarişi əsasında ayrılan plan yerlərinə Azərbaycan bölməsi üzrə 16461, Rus bölməsi üzrə 1261 nəfər qəbul olub.
Bütün ixtisas qrupları üzrə bütövlükdə götürdükdə, qəbul olanların 92.88%-i (16461 nəfər) Azərbaycan, 7.12%-i (1261 nəfər) rus bölməsinə aiddir. Bölmələr üzrə son on bir ilin qəbul imtahanlarının nəticələrinin təhlilindən aydın olur ki, dövlət vəsaiti hesabına maliyyələşdirilən yerlərə müsabiqənin Azərbaycan və rus bölmələri ilə birgə aparılması, zəif müsabiqə vəziyyəti yaranan rus bölməsinə qəbul olanların faizinin azalmasına səbəb olubdur. Belə ki, bu illər ərzində Azərbaycan bölməsinə qəbul olanların faizi 82.65-dən 92.88-ə qədər artıb, rus bölməsində isə 17.35%-dən 7.12%-ə qədər azalıbdır.
Ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə tələbə qəbuluna nəzər salsaq görərik ki, Azərbaycan bölməsi üzrə ərizə vermiş abituriyentlərin bütövlükdə 86.41%-i (I qrupda 77.46%-i, II qrupda 88.32%-i, III qrupda 91.14%-i, IV qrupda 81.10%-i, V qrupda 94.54%-i) ərizələrində ödənişli təhsil forması üzrə qəbul aparılan yerləri göstərib.
Rus bölməsində müvafiq göstəricilər bütövlükdə 92.33% (I qrupda 86.15%, II qrupda 95.61%, III qrupda 96.30%, IV qrupda 90.13%, V qrupda 92.95%) olub. Ödənişli təhsil forması üzrə qəbul aparılan plan yerlərinin müsabiqədə iştirak edən abituriyentlərinin sayı Azərbaycan bölməsi üzrə 36708 rus bölməsi üzrə isə 3430 olub. Ali təhsil müəssisələrinə Azərbaycan bölməsində 56.80%, rus bölməsində isə 64.86% qəbul olub.
Ali məktəblərə qəbul göstəricilərində rusdilli abituriyentlərin qəbul faizinin azalmasına rəğmən bu gün cəmiyyətdə rusdilli məktəblərə axın var.
Rus dilli məktəblərə axının səbəbləri
Təhsil eksperti Nadir İsrafilov da deyir ki, son illər övladlarını rus bölməsində oxutmaq istəyində olanların say etibarı ilə nəzərəçarpacaq artımı müşahidə olunur. Ekspert bildirir ki, qanunvericiliymizə əsasən, valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Onun sözlərinə görə, Azərbaycan dili bizim dövlət dilidir və bunu hamı bilməlidir:
"Bunun bir səbəbi odur ki, işə götürənlər tərəfindən ali məktəbi bitirənlərdən rus dilini bilməsi əsas şərt kimi tələb olunur. Eyni zamanda rusdilli ədəbiyyatlar çoxdur. Bu dilə meyillilikdə məqsəd oxuyanın gələcəkdə bu dilin onun quracağı kariyerasında köməyinin olacağını düşünməsidir. Valideyn də indidən bunu nəzərə alır. Digər səbəb Rusiyanın qonşu ölkə olması və onun ali məktəblərində təhsil ödənişlərinin bizdəkindən ucuz başa gəlməsidir".
N.İsrafilov bildirib ki, gələcəkdə Rusiyada təhsil almaq istəyərkən rus dili kömək olur. Başqa səbəb isə insanların özlərini elit, kübar göstərmək istəyidir. Onun sözlərinə görə, rus dilində tədrisin əleyhinə getmək də düzgün mövqe sayıla bilməz. Lakin uşağın düşüncəsi, dərk etmə səviyyəsi, mühit nəzərə alınmalıdır. O, bildirir ki, Elm və Təhsil Nazirliyi bu vəziyyətdən çıxış yolu kimi rus sektoruna qəbul olunan uşaqlarla müsahibə keçirir. Onun sözlərinə görə, bunun məqsədi qəbul olunan şagirdlərin rus dilindən anlayış dərəcəsini müəyyən etməkdir.
Ekspert onu da qeyd edir ki, təəssüf ki, bəzi hallarda bu elementar müsahibələr ciddi imtahana çevrilir:
"Burada hər iki dilə münasibəti optimallaşdırmaq üçün rus dilli bölmələrdə Azərbaycan dili dərslərinin səviyyəsini artırmaq və gücləndirmək lazımdır. Azərbaycan bölməsində də əksinə rus dili dərslərini gücləndirmək lazımdır. Rus dilinə meyillilik Azərbaycan dilinə mane ola bilməz. Sadəcə, məsələnin mahiyyəti ciddi araşdırılmalı optimal variant tətbiq olunmalıdır.
Təhsil qanununvericiliyimizdə nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır. Bəlkə, rus dilinə yerli-yersiz hücumlar əvəzinə, ümumilikdə rus dili ilə bağlı yaranan vəziyyətin nədən qaynaqlandığı barədə düşünmək daha faydalı ola bilər...
Bu gün əksər qurum və şirkətlərə işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoyur. Bütün bunlar isə rus dilində təhsilə təlabatı artırır".
Xatırladaq ki, Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda rus dilində tədrisin Azərbayca-Rusiya münasibətlərinin və gələcək əlaqələrin "çox mühüm əsası" kimi qiymətləndirib: "Ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Buna görə də, dediyim kimi, bu, həyatımızda çox mühüm amildir".