BAKI, 26 avqust — Sputnik. 18-19-20 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələri elan olunub.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan dili və ədəbiyyat, biologiya, fransız dili, informatika, musiqi, riyaziyyat, rus dili, tarix, texnologiya və təsviri incəsənət fənləri üzrə müsahibə nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələrdə 1630 nəfər uğur qazanıb.
Uğur qazanan namizədlər 31 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Qeyd edək ki, çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.