Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
"Hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir", - məlumatda deyilir.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Ötən gün isə ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk ediblər.