BAKI, 26 avqust — Sputnik. İl ərzində Qazaxıstanda taksi xidmətləri 11% bahalaşıb.
"Energyprom.kz" xəbər verir ki, taksi xidmətlərinin ucuzluğu (standart gediş haqqı) üzrə ölkələrin reytinqində Qazaxıstan 105 ölkə arasında 13-cü yerdə qərarlaşıb. Qazaxıstanda 1 km-ə standart gediş haqqı 0,35 ABŞ dolları təşkil edib.
Eyni zamanda, MDB ölkələri arasında Qazaxıstan ən yüksək tariflərdən birinə malikdir və xidmət yalnız Azərbaycanda daha bahadır (1 km üçün 0,59 ABŞ dolları). Müqayisə üçün: Belarus və Özbəkistanda tarif 0,2 ABŞ dolları, Ukrayna* və Moldovada 0,22 ABŞ dolları, Ermənistanda 0,25 ABŞ dolları, Rusiyada 0,3 dollar olub.
Ən ucuz taksi Pakistanda (0,19 dollar), ən bahalı taksi İsveçrədə (1 km-ə 4,02 dollar), Küveytdə (3,25 dollar) və El Salvadorda (3 dollar).
İyun ayında vəziyyət fərqli idi
Bu ilin iyun ayının göstəricilərinə görə isə Azərbaycan taksi xidmətləri tariflərinin bahalığına görə MDB ölkələri arasında ikinci yerdə qərarlaşmışdı. Ölkə üzrə taksidə orta gediş haqqı bir kilometr üçün 1 manat təşkil edir.
Qlobal istehlak qiymətləri bazası olan Numbeo-nun iyun ayına olan məlumatına görə, MDB ölkələrində ən bahalı taksi xidməti Türkmənistandadır. Burada gediş haqqı bir kilometr üçün 1,46 manat (Azərbaycan valyutası ilə) təşkil edir.
Ən ucuz taksi xidməti Belarusdadır - gediş haqqı bir kilometr üçün 0,25 manat. Bu xidmət bir kilometr üçün Qırğızıstanda 0,32 manat və Özbəkistanda isə bir qədər baha, yəni 0,34 manatdır.
Bir kilometr üçün gediş haqqına görə Moldova 0,36 manat və Ermənistan 0,39 manatla reytinqdə sonrakı yerləri tuturlar.
Tacikistanda taksidən istifadənin qiyməti bir kilometr üçün orta hesabla 0,44 manat, Rusiyada - 0,57 manat, Qazaxıstanda - 0,59 manat təşkil edir.
Qeyd edək ki, taksi xidmətlərinin qiymətinin bahalığına görə dünyada birinci yeri İsveçrə tutur. Bu ölkədə sərnişin gediş haqqına görə bir kilometr üçün 6,6 manat ödəməlidir. Seyşel adalarında isə bir kilometr üçün orta gediş haqqı 5,86 manat, Yaponiyada isə 5,21 manat təşkil edir.
*Ukrayna bir sıra səbəblərə görə MDB-də mübahisəli statusa malikdir.