TƏHSİL

DİM universitetlərə müsabiqədənkənar qəbul olunanlarla bağlı məlumatı açıqladı

Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Məlum olduğu kimi, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, artıq 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.
Nəticələrə əsasən, bu il 1 nəfər beynəlxalq fənn olimpiadası, 46 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 22 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.
Bundan əlavə, 192 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 190 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.
Müsabiqədənkənar qəbul olunanların sayı və onların qəbul olunduqları ixtisaslarla daha ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.