BAKI, 26 avqust — Sputnik. Niderlandın Haaqa şəhəri Avropa İttifaqından Rusiyaya qarşı sanksiyaları müvəqqəti olaraq ləğv etməyi xahiş edəcək. Problem ondadır ki, şəhər rəhbərliyi başqa qaz təchizatçısı tapa bilmir.
Bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, Haaqa bələdiyyəsi qazın tədarükü üçün "Qazprom"la uzunmüddətli müqavilə imzalayıb. Lakin Avropa İttifaqının sanksiyaları hökumətlərdən və digər dövlət qurumlarından oktyabrın 10-dək Rusiya şirkətləri ilə müqavilələrə xitam verməyi tələb edir.
Haaqa iyun və iyul aylarında ümumavropa tenderini keçirsə də, potensial təchizatçı tapa bilməyib.
"Biz təchizat təhlükəsizliyini təmin etmək və danışıqları asanlaşdırmaq üçün 2023-cü il yanvarın 1-dək mövcud müqaviləmizdən istisna tələb edəcəyik", - şəhər rəhbərliyinin müraciətində deyilir.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.