CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Unun qiymətinə dair monitorinqlərə 20-dən çox müəssisə cəlb olunub

Əlli kiloqramlıq unun pərakəndə satışına nəzarət tədbirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak edirlər.
Sputnik
BAKI, 25 avqust — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 20-dən çox yerli un istehsalı müəssisələrində gündəlik monitorinqlər aparır.
Bu barədə cavab olaraq qurumdan bildirilib.
Məlumata görə, xüsusilə də çörək bişirilməsində ən çox istifadə olunan 50 kiloqramlıq əla növ unun topdansatış qiyməti monitorinq edilir. İri un istehsalçılarından topdansatış qiymətləri gündəlik əldə olunur və Dövlət Xidmətinin saytında yerləşdirilir.
Bundan başqa, 1, 2, 5 kiloqramlıq qablaşdırılmış unun gündəlik qiyməti də ölkə üzrə şəbəkə və satış məntəqələrində monitorinq olunur. Bu monitorinqlərdə eləcə də, 50 kiloqramlıq unun pərakəndə satışına nəzarət tədbirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak edir.
Dövlət Xidməti eyni zamanda əksər iri çörək istehsalı müəssisələrində də monitorinqlər həyata keçirir, Bakıda və regionlarda ticarət obyeklərində də müxtəlif çörək növlərinin yəni, ənənəvi (dairəvi), doğranmış, paketlənmiş, təndir eləcə də qara çörəyin qiymətləri monitorinq edilir.
Monitorinqlərin əsas məqsədi mövcud bazarda cari məlumatların toplanılması və analitik təhlillərin aparılmasıdır. Məhz təhlillər aparıldıqdan sonra qanun pozuntusu aşkar olunduğu təqdirdə qanunamüvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, avqustun 19-da 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat olub. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edir.