BAKI, 25 avqust — Sputnik. Koronavirusun yeni ştammının Azərbaycanda yayıldığı barədə məlumatlar var. Xəbərlərə görə, ən son yayılan və "Kentavr" adlanan ştammın özəlliyi isə xəstəliyə yoluxma dərəcəsinin daha yüksək olması və yoluxduqda daha yüngül keçməsidir.
Azərbaycanda da koronavirusa yoluxma sayı artır. Sputnik Azərbaycan ölkəmizdə koronavirusun yeni ştammının yayılıb-yayılmadığını araşdırıb.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsdən (TƏBİB) Sputnik Azərbaycan-a bildiriblər ki, hələki "Kentavr" ştammının Azərbaycanda yayıldığı barədə onlarda məlumat yoxdur. Lakin Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə "Kentavr" adlanan ştammın yayıldığı barədə rəsmi xəbər olmasa da, son yoluxma hallarında onun əlamətləri müşahidə edilir:
"Klinik gedişat yüngül olur, simptomlar ən çoxu üç-dörd gün müşahidə olunur. Yeni ştammları bir-birindən ayırd etmək üçün testlərimiz yoxdur. Amma hazırda koronavirusa yoluxmuş şəxslərdə xəstəliyin gedişatı uzun çəkmir. Bundan əvvəlki ştammda xəstəlik 10-15 gün davam edirdi".
F.Sədirov əlavə edib ki, koronavirusa yoluxmuş şəxslərdə əsas müşahidə olunan əlamətlər ürək bulanması və ishaldır. Uşaqlarda qusma, diareya əlamətləri, boğaz ağrısı daha çox müşahidə olunur.
Xatırladaq ki, koronavirusun ən son yayıldığı təsdiqlənən və "Omicron" adı verilən yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur.