BAKI, 25 avqust — Sputnik. "Azərxalça" ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, qurum ötən ili xalis zərərlə başa vurub. Keçən il "Azərxalça"nın satış gəlirləri 1,6 milyon manat (2020-ci illə müqayisədə 3 dəfə az), satışının maya dəyəri 1,2 milyon manat (3,8 dəfə az), sair gəlirləri 412 min manat (2,8 dəfə az) təşkil edib. Bu dövrdə "Azərxalça"nın inzibati və əməliyyat xərcləri 18% azalaraq 4,2 milyon manata, faiz gəlirləri isə 182 min manata çatıb.
Qeyd edək ki, ASC-nin 2020-ci ildə faiz gəlirləri olmayıb. Ümumilikdə "Azərxalça"nın əməliyyat zərəri ötən il 12% artaraq 3,8 milyon manata, xalis zərəri isə 2,6% azalaraq 3,2 milyon manata bərabər olub.
Bu ilin əvvəlində ASC-nin aktivləri 3,9% artaraq 102,796 milyon manata, öhdəlikləri 2,7 dəfə azalaraq 385 min manata, balans kapitalı isə 3,4 % azalaraq 102,411 milyon manata enib.
Hesabatlara əsasən "Azərxalça" artıq dörd ildir ki, zərərlə işləyir. ASC 2020, 2021-ci illə yanaşı, 2019 və 2018-ci illər üzrə də xalis zərər açıqlayıb. Səhmdar cəmiyyətin ümumilikdə yığılmış zərəri 17,04 milyon manata bərabər olub ki, bu da son bir ildə 23% artıb.
Xatırladaq ki, "Azərxalça" ASC-nin sabiq rəhbəri Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu.
V.Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilmişdi.
Onkoloji xəstəliyi ilə əlaqədar təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılmışdı. V.Muradov ötən ilin noyabrın 5-də vəfat edib.
Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb. Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin edilməli, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.