BAKI, 25 avqust — Sputnik. İki gün əvvəl Bakıda 1 sayılı Şəhər Klinik Xəstəxanasında xoşagəlməz anlar yaşanıb. Xəstəxanaya müraciət edən şəxslər əvvəlcə növbə üstündə əlbəyaxa olublar. Daha sonra onların mübahisəsinə ətrafdakılar müdaxilə edib. Baş vermiş hadisə icbari tibbi sığortanın tətbiqində növbə məsələsini aktuallaşdırıb.
Qeyd edək ki, icbari tibbi sığortanın tətbiq edildiyi ölkələrdə artıq onlayn növbə sistemi işə düşüb. Qonşu Türkiyədə xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən yararlanmaq istəyən vətəndaş onlayn növbə götürərək xəstəxanaya yaxınlaşır. Azərbaycanda icbari tibbi sığorta sistemi ölkə üzrə işə düşdükdən sonra xəstəxanalarda uzun növbələr yaranır. Bunu hadisənin baş verdiyi 1 sayılı Şəhər Klinik Xəstəxanasının, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun timsalında görmək olar. Uzun növbələr xəstələr arasında mübahisəsiz ötüşmür.
Bəs görəsən Azərbaycanda icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində onlayn növbə sistemini işə salmaq mümkündürmü?
1 sayılı Şəhər Klinik Xəstəxanasının mətbuat xidmətinin sözçüsü Elnur Hidayətoğlu bildirilib ki, hazırda xəstəxanada canlı növbə mexanizmi var. Canlı növbə əsasında vətəndaşlara tibbi xidmət göstərilir: " Çox təəssüf olsun ki, bu cür hadisələr yaşanır. Vətəndaşlarımız icbari tibbi sığortadan yararlanmaq üçün xəstəxanaya müraciət edir. Bu zaman təbii ki, növbə prinsipi olur və kadrlardan da göründüyü kimi, vətəndaşlar növbəyə görə dalaşır".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirdilər ki, hələki icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində onlayn növbə rejimi yaradılmayıb. Amma gələcəkdə bunun həyata keçirilməsi nəzərdə tutulub.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə yeni başlanılıb. Deputat bildirir ki, tibb müəssisələrində uzun növbələrin yaranmasının səbəbi əhali arasında icbari tibbi sığorta ilə bağlı maarifləndirmənin aparılması, insanların xidmətlər zərfindəki tibbi xidmətlərdən yararlanması isə xidmətlərin keyfiyyətinin artması ilə bağlıdır.
K. Əliyeva bildirdi ki, bununla belə gələcəkdə icbari tibbi sığorta xidmətlərindən istifadə üçün onlayn növbə rejiminin yaradılması yaxşı olardı: "Məsələn, Türkiyədə uzun illərdir ki, icbari tibbi sığorta tətbiq edilsə də, müəyyən çatışmazlıqlar ortaya çıxır və sistem təkmilləşdirilir. Azərbaycanda da da onlayn növbənin yaradılması, bu təcrübədən istifadə çox yaxşı olardı. Bu Azərbaycanda ASAN Xidmətin timsalında mümkündür. Bu vaxt itkisinin də qarşısını almış olur. İcbari tibbi sığortada da gələcəkdə onlayn növbə mexanizmini yaradılması vacibdir. Sistem təkmilləşdikcə bu qüsurlar aradan qalxacaq".