BAKI, 25 avqust — Sputnik. Cari ildə Azərbaycan və Mərkəzi Asiyanın türkdilli ölkələri arasında əlaqələrin intensivləşməsi müşahidə edilir. Qırğızıstan, Özbəkistan və Qazaxıstan liderlərinin Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, yüksək vəzifəli dövlət rəsmilərinin qarşılıqlı rəsmi səfərləri, o cümlədəm Azərbaycanla imzalanmış onlarla sənəd əlaqələrin inkişafındakı dinamika haqqında təssüvür formalaşdırmağa kifayət edir.
Sputnik Azərbaycan Azərbaycan və Mərkəzi Asiyanın türk dilli ölkələri arasında əalqələrin güclənməsinin səbəbləri ilə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) sədrinin müavini, politoloq Nazim Cəfərsoyun fikirlərini öyrənib.
QAFSAM sədrinin müavini bildirib ki, Azərbaycan və türkdilli ölkələr arasında əlaqələrin güclənməsini dörd müstəvidə nəzər salmaq lazımdır:
"Bu coğrafiyanın tarixi adı Türküstandır. Bu gün Azərbaycanla bu ölkələr arasında əlaqələrin dinamikanın artması 4 səbəbdən qaynaqlanır. Bunlardan ilki qlobal dinamikadır. Qlobal dinamikanın özündə 3 faktor önə çıxır. Dünyadakı nəqliyyat koridorlarında, nəqliyyat, ticarət və bir sıra digər sahələrdə əlaqələrin sürətlənməsi qeydə alınır. Bu da qlobal mənada Qərblə Şərq arasındakı münasibətlərdə özünü çox kəskin şəkildə göstərir. Türk dövlətləri bu məqamda Qərb və Şərq arasında çox önəmli strateji önəm qazandırıb. Bu da həmin ölkələrin arasında qlobal trendə uyğun sıx əlaqələrin qurulmasını zəruri edir".
Ekspertin sözlərinə görə, Azərbaycan bu qlobal siyasətdə getdikcə əhəmiyyəti artan Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətləri daha da gücləndirmək üçün önəmlidir. Bu baxımdan, Türküstan ölkələri Azərbaycan üçün həm də stareteji körpü rolunu oynayır. Eyni zamanda Türk coğrafiyası ölkələrinin Qərblə dialoqu davam etdirməsi üçün Azərbaycan çox ciddi tramplin rolunu icra edir.
"Bu coğrafiyanın qonşularında da problem olduğu üçün bizim regionumuz böyük strateji əhəmiyyət kəsb edir. Bu gün Ukrayna böhranı Rusiyanın Qərb və Şərq arasındakı koridor roluna mane olur. Digər tərəfdə yerləşən İran, Əfqanıstan və Pakistanda isə ciddi təhlükəsizlik riskləri var. Bütün bunların fonunda iki coğrafiyanın ortasında qalan Azərbaycan və Türküstan coğrafiyasının strateji əhəmiyyəti artır. Bu da qlobal tendensiyalar baxımından Azərbaycan və türkdilli ölkələr arasında əlaqəlrəin güclənməsinin əhəmiyyətini önə çıxarır", - N.Cəfərsoy deyib.
Politoloqun sözlərinə görə, Çinin "Bir kəmər, bir yol" layihəsi də tarixi ipək yolunun canlandırılmasına bir önəm qazandırır:
"Son dövrlər Rusiya və Qərb arasında problemlər Qazaxıstanın enerji xətlərinin axışına problemlər törətməyə başladı. Bu, Azərbaycanla münasibətlərin dərinləşdirilməsini zəruri edir. Bütün bunlar Azərbaycan və türkdilli ölkələri qlobal tendensiyaya uyğun hərəkət etməyə sövq edir. Digər önəmli faktor isə regionlaşma ilə bağlıdır. Qlobal siyasət yeni bir dizayna doğru irəliləyir. bu dizaynda bütün ölkələr ortaq maraqların olduğu bir birliklərə, əməkdaşlıq perspektivlərinə yön alırlar. Bu müxtəlif motivlərdə özünü büruzə verir. Bu tarixi Türküstün coğrafiyasında da ortaya çıxıb".
Nazim Cəfərsoyun fikrincə, digər önəmli bir faktor ikili münasibətlərlə bağlıdır. Bunu Azərbaycanla Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan arasındakı münasibətlərdə həm siyasi, həm də iqtisadi mənada qurulan əlaqələrdə müşahidə etmək mümkündür. Bu əlaqələrə stimul verəm digər amil isə Azərbaycan-Türkiyə münasibətləridir:
"Bunun da ən böyük zirvəsi Azərbaycan-Türkiyə ikili münasibətlərinin regionumuzun ən böyük təhlükəsizlik problemi olan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi idi".
Dördüncü, ekspertin fikrincə, daxili faktorlardır:
"Bu ölkələrin xalqları, idarəetmə strukturları rifah və təhlükəsizlik axtarışı içərisindədirlər. Bunun əsas təməl nöqtəsi səninlə ortaq dəyərləri paylaşanlarla əməkdaşlıq qurmaqdır".
N.Cəfərsoy hesab edir ki, Azərbaycanla Türküstan ölkələri arasında münasibətlərin bugünkü potensialının çox ciddi şəkildə inkişaf etdirilməsinə ehtiyac var.
"Önümüzdəki dövrdə Türküstün coğrafiyası ilə əlaqələrin daha da dərinləşdirilməsini görə bilərik", - o, əlavə edib.