RUSİYA

Rusiya XİN Koreya yarımadasında vəziyyətin gərginləşməsindən narahatlığını bildirib

Xarici İşlər Nazirliyi subregionda sülh və təhlükəsizlik sisteminin qurulması üçün bu sənədlər əsasında substantiv siyasi dialoqun başlanmasına çağırıb.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva ABŞ və Koreya Respublikası arasında genişmiqyaslı birgə hərbi təlimlərin bərpası ilə əlaqədar Koreya yarımadasında vəziyyətin gərginləşməsindən, həmçinin Koreya Respublikasından KXDR-ə təxribatçı təbliğat materiallarının göndərilməsindən narahatdır. Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Mariya Zaxarova vurğulayıb ki, Pxenyanda böyük narahatlıq doğuran bu cür hərəkətlər əks effekt verir və təhlükəlidir.
"Rusiya Koreya yarımadası ilə həmsərhəd dövlət kimi orada davamlı sülhün və sabitliyin qorunub saxlanmasında və möhkəmləndirilməsində maraqlıdır, xarici qüvvələrin müdaxiləsi olmadan iki Koreya dövləti arasında dialoqun inkişafı və münasibətlərin normallaşması, subregion problemlərinin sülh, diplomatik vasitələrlə həllinə tərəfdardır", - deyə XİN nümayəndəsi qeyd edib.
O qeyd edib ki, son illərdə Rusiya-Çin təşəbbüsləri, "Yol xəritəsi" və Koreya yarımadasının problemlərinin hərtərəfli həlli üzrə Fəaliyyət Planı bu məqsədlərə nail olmağa yönəlib.
Xarici İşlər Nazirliyi subregionda sülh və təhlükəsizlik sisteminin qurulması üçün bu sənədlər əsasında substantiv siyasi dialoqun başlanmasına çağırıb.
Bu yaxınlarda Vaşinqtonda ABŞ və Cənubi Koreyanın müdafiə nazirliklərinin rəhbərləri Lloyd Ostin və Li Sonq Sup arasında görüş keçirilib və onlar birgə hərbi təlimlərin genişləndirilməsi barədə razılığa gəliblər. Nazirlər "Şimali Koreyanın davam edən təxribatları" səbəbindən Koreya yarımadasında təhlükəsizliyin "təhdid altında" olmasını qeyd ediblər.