CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ət niyə bahalaşıb, yaxud payızda Azərbaycanı nə gözləyir?

Bakıda dana ətinin bahalaşmasını satıcılar rayonlarda ətlik heyvanların qiymətinin artması ilə izah edirlər. Daha ətraflı materialımızda.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Bakıda dana ətinin qiyməti bahalaşıb. Təxminən qiymətlərdə 50 qəpik, 1 manat artım var. 1 kiloqram sümüklü dana əti 12 manata satılır. Sümüksüz dana əti isə 15 manat olub.
Satıcılar deyirlər ki, rayonlarda danalar bahalaşdığı üçün ətin qiyməti də qalxıb. Onların sözlərinə görə, yay fəslində mal qıtlığı var, amma ola bilər payızda qiymətlər aşağı düşsün.
Ətin bahalaşmasının səbəbləri...
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, dana ətinin bahalaşması əsasən yemin qiymətinin qalxması ilə bağlıdır:
"Digər tərəfdən, bu artıma baytarlıq xidmətlərin, dərmanların, iynələrin bahalaşmasının da təsiri var. Bundan əlavə, əgər digər məhsulların qiyməti qalxırsa, ət istehsalçıları da öz ehtiyaclarını ödəmək üçün qiyməti qaldırmaq məcburiyyətindədirlər. Ölkədə 13 faizlik ümumi inflyasiya, 20 faizə yaxın ərzaq inflyasiyası varsa, ət istehsalçıları daha çox pul qazanmağa çalışmalıdırlar ki, inflyasiya ilə ayaqlaşa bilsinlər. Ona görə də digər sahələrdə qiymət artırsa, təkcə ətin qiymətinin qalxmaması məntiqsizlik olardı. Alıcılar həmişə istəyirlər ki, qiymətlər ucuz olsun. Amma digər məhsulların bahalaşması ət istehsalçılarının da qiymət artırmasına səbəb olub".
Yem bahalaşıb
O bildirib ki, dünya bazarlarında da yemin qiymətində kifayət qədər bahalaşma var: "Son 1 ildə əsasən qarğıdalı, arpa və digər dənli bitkilərin qiymətində 40 faizə yaxın bahalaşma var. Bu, Azərbaycana təsirsiz ötüşmür. Ölkə daxilində yem istehsalçıları da qiymətləri qaldırırlar".
Payızda mal ətinin qiyməti necə olacaq?
Payız mövsümündə ölkədə mal ətinin qiyməti necə olacaq sualına ekspert belə cavab verib: "Ölkədə iri və xırdabuynuzlu heyvanların qiymətləri əsasən dünya bazarlarında gedən proseslərlə bağlı olacaq. Yəni dünya bazarlarında hansı proses olacaqsa, bununla bağlı Azərbaycanda da qiymət dəyişikliyini görə biləcəyik".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 391,0 milyon manat təşkil edib. Onun da 2 milyard 911,5 milyon manatı heyvandarlıq, 3 milyard 479,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Ət istehsalı artıb
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,7 faiz, bitkiçilik məhsulları istehsalı 3,4 faiz yüksəlib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 317,1 min ton, süd istehsalı 1,7 faiz artaraq 1 milyon 284,4 min ton, yumurta istehsalı 4,0 faiz artaraq 1 milyard 165,1 milyon ədəd, yun istehsalı 1,7 faiz azalaraq 14,8 min ton olub.
İribuynuzlu mal-qaranın sayı azalıb
2022-ci il iyul ayının 1-i vəziyyətinə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 654 min 474 baş olub. Ötən ilin müvafiq dövründə bu rəqəm 2 milyon 663 min 658 baş olmuşdu. Beləliklə, ölkəmizdə bu il ötən ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 0,3 faiz azalıb.
Ət idxalı artıb
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 20,1 min ton ət idxal edilib. İdxal edilən ətin dəyəri 33,9 milyon dollar olub. 2021-ci ilin eyni dövründə dəyəri 31,8 milyon dollar olmaqla 18,3 min ton ət idxal edilmişdi.