BAKI, 24 avqust — Sputnik. Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Telefon danışığında Azərbaycanın Qarabağ bölgəsi ətrafındakı vəziyyət müzakirə edilib.
Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi bir daha təsdiqlənib. Eyni zamanda, regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolu qeyd olunub.
Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələlərinə toxunulub.
Xatırladaq ki, iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Xəzər Sammiti çərçivəsində Prezident İlham Əliyev ilə görüşməkdən məmnunluğunu ifadə edən Prezident Vladimir Putin dövlətimizin başçısının Rusiyaya səfərini xatırlatdı, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinin önəmini bildirib.
Əlaqələrimizin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu deyən Rusiya dövlətinin başçısı razılaşdırılan bütün məsələlərin icra edildiyini vurğuladı. Prezident Vladimir Putin qeyd edib ki, ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5,5 faiz təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin inamlı artımı müşahidə olunur.
Siyasi əlaqələrimizə toxunan Prezident Vladimir Putin Rusiya xarici işlər nazirinin Bakıya səfərini xatırlatdı, Rusiya hökuməti sədrinin və Dövlət Duması sədrinin də Bakıya səfərlərinin planlaşdırıldığını qeyd edib. Rusiya dövlətinin başçısı bildirib ki, ən əsası isə 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının reallaşdırılmasıdır. Beləliklə, bütün sahələrdə inkişaf var.
Prezident Vladimir Putin qeyd edib ki, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb və bu görüş də həmin mövzunun nəzərdən keçirilməsi üçün imkan yaradır.