CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad olunan ərazilərdə ov mövsümü olmayacaq

İşğaldan azad edilən ərazilərdə ekosistemin yenidən bərpa olunması, heyvanların sayının artırılması və təhlükəsizlik məslələrinin təmin edilməsi kimi məqamlar nəzərə alınaraq ovun təşkili nəzərdə tutulmayıb.
Sputnik
BAKI, 23 avqust — Sputnik. İşğaldan azad olunan ərazilərdə ov mövsümün açılması və ya orada ovçuluq fəaliyyətinin təşkili nəzərdə tutulmayıb.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev canlı yayımda çıxışı zamanı deyib. O bildirib ki, işğal müddətində orada olan faunaya da böyük mənfi təsir olub:
"Orada ekosistemin yenidən bərpa olunması, heyvanların sayının artırılması və təhlükəsizlik məslələrinin təmin edilməsi kimi məqamlar nəzərə alınaraq ovun təşkili nəzərdə tutulmayıb".
“Qırmızı Kitab"a düşən nəcib maral və bezoar keçisinin artırılması işlərinə başlanılıb
Firudin Əliyev “Qırmızı Kitab"a düşən nəcib maral və bezoar keçisindən söz açıb, bildirib ki, Böyük Qafqaz ərazisindən saylarının artırılaraq Kiçik Qafqaz ərazisinə köçürülməsi nəzərdə tutulur: “Həmçinin bu tədbirlər bezoar keçisi ilə bağlı da nəzərdə tutulub. Bu heyvanların tutularaq saylarının çoxaldılması, öz təbii areallarında yenidən bərpa olunması və artırılması ilə bağlı ilkin addımlar atılıb”.