BAKI, 23 avqust — Sputnik. Şəkidə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
APA-ın məlumatına əsasən, rayonun Kiş kəndindən 8-9 km aralıqda, yüksək və mürəkkəb relyefli dağlıq ərazidə ötən gün günorta saatlarından başlayan yanğın bu gün səhər saatlarında söndürülüb. Hazırda ərazidə tam soyutma və kəşfiyyat işləri aparılır.
İlkin məlumata görə, yanğın 15 hektar sahəni əhatə edib. Ərazidə kol-kos, xəzəl, quru ot, xırda ağaclar, qurumuş ağac və kötükləri yanıb.
Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 60 nəfər canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının 30 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd helikopteri həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100-ə yaxın əməkdaşı cəlb edilib.
22 avqust
Şəki rayonunun Kiş kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Sputnik Azərbaycan-a bildirib ki, yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.
"Hazırda ETSN-in yerli qurumlarının 100-ə qədər əməkdaşı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri yanğının söndürülməsində iştirak edir", - İ.İbrahimova bildirib.
FHN-in mətbuat katibi vətəndaşlara bir daha müraciət edərək meşə yanğınlarının çox ciddi və təhlükəli olmasını nəzərə alaraq, təbiət ərazilərində istirahət edən hər kəsi ehtiyatlı və diqqətli olmağa, məsuliyyəti hiss etməyə çağırıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, ərazinin mürəkkəb relyef xüsusiyyəti nəzərə alınaraq yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Qeyd edək ki, artıq Quba rayonunun Təngəaltı kəndi yaxınlığında meşəətrafı ərazidə baş verən yanğın görülmüş operativ tədbirlər sayəsində qısa vaxtda yaxınlıqdakı meşə massivinə keçməsinin qarşısı alınaraq tam söndürülüb. Bundan başqa, Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermiş yanğın da yarısında tam söndürülüb.
Məlumat üçün bildirək ki, isti və küləkli hava şəraiti ilə müşahidə edilən mürəkkəb dağlıq relyefdə baş verən yanğınlarla mübarizə tədbirlərində FHN-in müvafiq qüvvələri, Aviasiya dəstəsinə məxsus "BE 200 ÇS" amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər iştirak ediblər.