BAKI, 22 avqust - Sputnik. Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ermənilərin mina terroru ilə beynəlxalq ictimaiyyətə çağırış edib.
Bu barədə Azərbaycan Ombudsmanının yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində mina qurbanlarının sayı artmaqda davam edir: "Uzun illər ərzində Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də Laçın rayonu ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təəssüf ki, Ermənistan tərəfindən işğal dövründə basdırılmış tank və piyada əleyhinə minaların dəqiq xəritələrinin verilməməsi bu cür ağır nəticələrə gətirib çıxarır".
"Azərbaycanın sülh quruculuğu üçün zəruri olan addımları atmağa hazır olduğunu dəfələrlə nümayiş etdirdiyi postmüharibə dövründə Ermənistan tərəfinin insanların həyatı üçün birbaşa təhlükə yaradan bu laqeyd münasibətini qınayır, cinayətlərin törədilməsində məsul şəxslərin məsuliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan tərəfinə kompensasiya ödənilməsi ilə əlaqədar tədbirlər görməyə və bir daha beynəlxalq ictimaiyyəti bu mövzu ilə əlaqədar qəti çağırışlar etməyə səsləyirik", - məlumatda qeyd olunub.