BAKI, 21 avqust — Sputnik. Son bir neçə aydır təmirdə olan Bakı-Quba yolunda ölüm kabusu hökm sürür. Bu günlərdə Şabran və Siyəzəndə baş verən qəzalarda xeyli insan ölüb və xəsarət alıb.
Bəs bu ölümcül qəzaların səbəbi nədir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, həmin yol hazırda təmir olunur. Lakin həm yolun təmirinə başlamazdan öncə, həm də təmir zamanı dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, qəzalar baş verir:
"Biz dəfələrlə sürücülərə xəbərdarlıq etmişik ki, diqqətli olsunlar, yol nişanlarının tələblərinə əməl etsinlər. Sürücülər isə müvəqqəti yol nişanları və sürətin məhdudlaşdırılması ilə bağlı tələblərə əməl etmirlər. Ümid edirik ki, sürücülərimiz ən azı öz yaxınlarına görə diqqətli və məsuliyyətli olarlar".
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da Sputnik Azərbaycan-a açıqlamasında bu kimi qəzalarda əsas günahkarın məsuliyyətsiz sürücülər olduğunu bildirib. Onun fikrincə, təcrübəsiz sürücülərlə yanaşı, təcrübəli sürücülər də yollarda çox məsuliyyətsiz davranırlar.
"Həyatda özlərini tapa bilməyən belə sürücülər düşünürlər ki, mütləq özlərini bu yolda, sükan arxasında tapmalıdırlar. Nəinki Bakı-Quba, həmçinin digər magistral yollarda da bənzər qəzalar baş verir. Burada da sürücü məsuliyyətsizliyinin böyük rolu var. Təmir olunan yolda yol nişanları da qoyulub, xətlənmə də həyata keçirilib ki, ötmə əməliyyatı etmək olmaz. Təmirdə olan və saatda 30 km sürətlə hərəkət edilməli olan yolda, sürücülər saatda 80-100 km sürətlə hərəkət edir, ötmə əməliyyatını icra edirlər", - E.Cəfərov bildirib.
Nə etməli?
Ekspert bildirir ki, qəzaların sayının azaldılması üçün təhlillər aparılmalı, qəza ocaqları və onun başvermə səbəbləri müəyyən edilməlidir:
"Bir ərazidə qəzaların dəfələrlə təkrarlanması o deməkdir ki, həmin ərazidə nəsə problem var".
Nəqliyyat eksperti qeyd edir ki, qəzaların sayının azaldılması üçün məsuliyyətsiz sürücülərin sürücülük vəsiqələri əllərindən alınmalıdır.
O eyni zamanda bu qəzalara görə aidiyyatı orqanları da günahlandırıb: "Dəfələrlə eyni yerdə qəzaların baş verməsinə baxmayaraq, bu qurumlar heç bir iş görmür, adekvat addım atmırlar".
Ekspertin sözlərinə görə belə halların baş verməsi cəzasızlıqdan irəli gəlir:
"Bu gün Azərbaycanda cərimə sistemi işləyir, maarifləndirmə sistemi isə işləmir. Vətəndaş cəriməsini ödəyir və yenə də qaydaları pozur. Cərimə sistemi işlədiyi halda maarifləndirmə sistemi işləyə bilməz. Qəzaların sayını azaltmaq üçün cərimə sistemindən maarifləndirmə sisteminə keçmək lazımdır. Daha xırda detallara getdikdə, sürücülük kurslarında təlimlər daha da təkminləşdirilməlidir. Sürücü peşəkarcasına idarəetməni bacardıqdan sonra imtahana buraxılmalıdır. Əsas narahatlıqlardan biri də bu kursların zəif təşkilidir".
Bakı-Quba yolu ilə hərəkət edən sürücülər isə qəzaların baş vermə səbəbini ardı-arası kəsilməyən təmirlər və yol infrastrukturunun düzgün qurulmamasında görürlər.
"Mən illərdir bu yolla hərəkət edirəm. Bir dəfə bu yolun başdan-ayağa normal təmir edildiyini görmədim. Hətta yol yeni təmirdən çıxandan sonra belə dərhal sıradan çıxır. Yolu birdəfəlik keyfiyyətli təmir etsinlər ki, qəza şəraiti yaranmasın", - deyə TIR sürücüsü Yaşar Nəbiyev bildirib.