BAKI, 20 avqust - Sputnik. Avqustun 19-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qaraqaya kənd sakini Abbasov İsa Mürsəl oğluna məxsus bağ sahəsində və ətraf ərazilərdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib. Məlumata görə, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb və yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın nəticəsində 3 hektardan artıq ərazi yanıb.
Hadisə ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş operativ tədbirlərlə yanğının qəsdən törədildiyi müəyyən olunub. Belə ki, yanğın hadisəsinin 1951-ci il təvəllüdlü Abbasov İsa Mürsəl oğlu tərəfindən törədildiyi aşkar edilib və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.