RUSİYA

Volodin: "ABŞ dünya üzərindəki hökmranlığını qorumağa çalışır"

Dövlət Dumasının spikeri qeyd edib ki, ABŞ qazı Avropaya 7,3 dəfə baha sataraq Aİ ölkələrinin iqtisadiyyatını rəqabətsiz hala salır.
Sputnik
BAKI, 19 avqust — Sputnik. ABŞ Avropa ölkələrinə ziyan vurmaqla, faktiki olaraq onları təcrid vəziyyətinə salmaqla dünya üzərindəki hökmranlığını qorumağa çalışır. Bu fikirləri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında bildirib.
"Vaşinqton Avropanı aclıq və təcrid vəziyyətinə salır. Vaşinqton bunun üçün vətəndaşların rifahını və Avropa ölkələrinin iqtisadiyyatını qurban verərək, dünya üzərindəki hökmranlığını qorumaq üçün hər şeyi etməyə hazırdır", - deyə Volodin bildirib.
O vurğulayıb ki, Avropa dövlətlərinin Rusiyanın enerji ehtiyatlarından imtina etmək, Rusiya ilə iqtisadi əməkdaşlığı kəsmək, həmçinin rusiyalıların ölkəyə girişinə qadağa qoymaq qərarları Vaşinqtonun təzyiqi ilə qəbul edilib. Onun Avropadakı siyasətinin dirijorları Avropa Birliyini tərk etmiş Böyük Britaniya və suverenlikdən yalnız adı qalan ölkələrdir: Litva, Latviya, Estoniya, Ukrayna. Polşa, Çexiya və Finlandiya ABŞ-ın sovqatını almaq üçün bu rusofob koalisiyaya ümidlə daxil olublar" - deyə Volodin bildirib.
Dövlət Dumasının spikeri qeyd edib ki, bu gün ABŞ-da qazın 1000 kubmetri 333 dollara başa gəlir. Eyni zamanda, Vaşinqton onu Avropaya 7,3 dəfə baha sataraq Aİ ölkələrinin iqtisadiyyatını rəqabətsiz hala salır.
Volodin vurğulayıb ki, Avropada inflyasiya artıq rekord həddə - 8,9%-ə çatıb.
"Avropada baş verən anomal istilər kənd təsərrüfatına ciddi zərbə vurub. Məhsul ötən illə müqayisədə 20% azdır. Elektrik enerjisi qıtlığı var, onun dəyəri bir ildə 6 dəfə artıb", - Volodin əlavə edib.