BAKI, 19 avqust — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti unun və çörəyin qiymət artımı ilə bağlı monitorinqlərə başlayıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu və digər amillər Azərbaycanda da un və çörəyin qiymətinə təsir göstərib. Hazırda daxili bazarda unun və nəticə etibarilə, çörəyin qiymətində artım müşahidə olunur.
Azərbaycanda ərzaqlıq buğda, un və çörəyin qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən, əsas idxal bazarlarındakı) qiymətinə görə formalaşır. "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər.
Bununla belə, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkəmizdə un və çörəyin qiymətində manipulyasiyalara yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır.
Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytında un istehsalçılarının topdansatış mərkəzləri, həmçinin məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatlar yerləşdirilib və mütəmadi olaraq yenilənir. Bu məlumatlara aşağıdakı link vasitəsilə keçid etmək olar:
Xatırladaq ki, bu gündən 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat müəyyən edilib. Bunun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək.