CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra hakimiyyətinin qarşısında özünü yandıran qazinin vəziyyəti ağırdır

TƏBİB ötən gün özünü yandıran Vətən Müharibəsi iştirakçısı Təbriz Abdullayevin Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu bildirib.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Ötən gün özünü yandıran Vətən Müharibəsi iştirakçısı Təbriz Abdullayev Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna TƏBİB-dən məlumat verilib. Bildirilib ki, T.Abdullayev hazırda həkim nəzarəti altındadır.
"Vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub. Hazırda Reanimasiya şöbəsində həkim nəzarəti altındadır", - məlumatda deyilir.
Qeyd edək ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü dərəcə Vətən müharibəsi əlili, 1987-ci il təvəllüdlü Elvin Cəfərov da Sabirabad Rayon İcra Hakimiyyətinin laqeyd münasibətinə görə özünü yandıraraq dünyasını dəyişmişdi.