İQTİSADİYYAT

Azərbaycanda əhalinin xərclərinin çoxu ərzağa gedir - CƏDVƏL

Azərbaycanda bir ölkə sakininin orta aylıq xərci artıb. Ötən ay ölkədə illik ərzaq inflyasiyası 20 faizdən çox olub. Daha ətraflı materialımızda
Sputnik
BAKI, 19 avqust — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Bu ilin 7 ayında pərakəndə ticarətdə bir ölkə sakini hər ay orta hesabla 379,8 manat pul xərcləyib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,6 manat çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, xərclərin 213,5 manatı ərzaq, içki və siqaretin, 166,3 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Qiymətlər bahalaşıb
Xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Pərakəndə ticarətdə əsas yeri ərzaq məhsulları tutur. İyul ayında Azərbaycanda illik ərzaq inflyasiyası 20,3 faiz olub. Ötən ay təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (8,6 faiz), ödənişli xidmətlərin (8,9 faiz) qiymətləri də bahalaşıb. Xərclərin artmasının əsas səbəbi qiymətlərin bahalaşmasıdır.
Pərakəndə ticarət dövriyyəsi artıb
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında pərakəndə ticarətdə istehlakçılara 26,7 milyard manatlıq mallar satılıb. Bunun 15 milyard manatı ərzaq məhsulları, içki və tütün məmulatlarının, 11,7 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 2,9 faiz artıb.
Vəsaitin yarıdan çoxu ərzaqlara gedib
Alıcıların xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,8 faizi içki və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Xərclənən vəsaitin 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının payına düşüb.
Əhalinin dərman xərcləri artıb
Onu da bildirək ki, 7 ayda Azərbycanda pərakəndə ticarət şəbəkəsində əhalinin əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkdiyi xərc 28,2 faiz artaraq 655,7 milyon manata çatıb.
Xatırladaq ki, ötən ilin 7 ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları almışdı.