AZƏRBAYCAN XƏBƏRLƏRİ

AMEA işçilərinin sayı azaldılacaq

Arif Həşimov bildirib ki, AMEA əməkdaşları təxminən 65 faizə qədər azalacaq.
Sputnik
BAKI, 19 avqust — Sputnik. AMEA əməkdaşları təxminən 65 faizə qədər azalacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov APA-ya müsahibəsində bildirib. O deyib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi ştat vahidləri üzrə Akademiyaya 11200 ştat vahidi ayrılıb.
Bura həm Bakıdakı AMEA strukturu, eyni zamanda Naxçıvan, Gəncə bölmələri, Şəki və Lənkəran regional elmi mərkəzləri, Milli Ensiklopediya Mərkəzi və s. aid idi. Hazırda institutların bir hissəsi Elm və Təhsil Nazirliyinə verildiyi üçün AMEA əməkdaşları təxminən 65 faizə qədər azalacaq. Amma bu, təxmini saydır. İki ay ərzində biz AMEA əməkdaşlarının say həddini və strukturu Nazirlər Kabinetinə təqdim edəcəyik.
A.Həşimov qeyd edib ki, Prezidentin son sərəncamına əsasən, Akademiyanın strukturunda ciddi dəyişiklik baş verdiyinə görə Rəyasət Heyəti aparatının strukturunun da Akademiyanın yeni strukturuna uyğunlaşdırılması zərurəti yaranıb.
Xatırladaq ki, iyulun 28-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Bu Fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.