BAKI, 18 avqust — Sputnik. Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin heykəlinin ucaldılması prosesi başlayıb.
Abidə keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılacaq. Artıq ərazi hasara alınıb, müvafiq təmizləmə və tikinti işləri başladılıb. Yaxın günlərdə postament və heykəlinin quraşdırılacağı gözlənilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 may 2021-ci il tarixli sərəncamına əsasən, Tofiq Quliyevin abidəsinin ucaldılması Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinə tapşırılıb.
Tofiq Quliyev Azərbaycan bəstəkarı, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan caz və estrada musiqisinin banilərindən biridir.
O, 1917-ci il noyabrın 7-də Bakıda anadan olub. 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.
Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb.
Müharibədən sonra bir sıra teatrlar ilə əməkdaşlıq edib. Teatrlarla işlədiyi bir neçə il ərzində o, Uilyam Şekspirin “On ikinci gecə”, Aleksandr Fadeyevin “Gənc qvardiya”, Cəfər Cabbarlının “Aydın”, Həsən Seydbəyli və İmran Qasımovun “Uzaq sahillərdə”, Rəsul Rzanın “Qardaşlar”, Nazim Hikmətin “Qəribə adam”, Ənvər Məmmədxanlı “Şirvan gözəli”, Abdulla Şaiqin “El oğlu” və başqa tamaşalara musiqi bəstələyib.
Tofiq Quliyev böyük populyarlıq qazanan “Ögey ana” (1958), “Qızmar günəş altında” (1958), “Bəxtiyar” (1959), “Görüş” (1955), “Şir evdən getdi” (1977), “Qaynana” (1978) və başqa bu kimi bir çox filmə musiqi yazıb.
2000-ci il oktyabrın 5-də uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib. Bakı şəhərindəki Fəxri xiyabanda dəfn olunub.