BAKI, 18 avqust — Sputnik. Rusiya Tayvanla bağlı vəziyyətdə sözdə deyil, əməldə "vahid Çin" prinsipinə əməl edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev bildirib.
O qeyd edib ki, Vaşinqtonun müstəqil siyasət yürüdən ölkələri cilovlamaq siyasəti uğurlu olmayıb. ABŞ rəsmilərinin Tayvana səfərləri isə regional və beynəlxalq sabitliyə xələl gətirir.
"Rusiya isə öz növbəsində sözdə deyil, əməldə Tayvanın ÇXR-in tərkib hissəsi olduğu "vahid Çin" prinsipinə sadiqdir", - deyə "RİA Novosti" İliçevin bəyanatından sitat gətirir.
Bundan əvvəl bildirilmişdi ki, Pekin Rusiya Prezidenti Vladimir Putinin ABŞ Konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin Tayvana səfərinin diqqətlə planlaşdırılmış təxribat olduğuna dair sözlərini yüksək qiymətləndirir.
Rusiya lideri Pelosinin Tayvana səfərini başqa ölkələrin suverenliyinə həyasızcasına hörmətsizlik nümayişi adlandırıb. O, bunun diqqətlə planlaşdırılmış təxribat olduğunu bildirib və deyib ki, Vaşinqton növbəti dəfə qəsdən atəşə yağ tökməyə çalışıb.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi ABŞ nümayəndələr palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini pisləyib. Bu barədə avqustun 2-də Pelosinin olduğu təyyarə Taybey hava limanına endikdən sonra Çin diplomatik departamentinin yaydığı bəyanatda deyilir. Çin Xarici İşlər Nazirliyinin bəyanatı Çinin Mərkəzi televiziyası olan "CCTV" tərəfindən yayımlanıb.
Pekin Pelosinin səfərinə kəskin etirazını bildirib və bəyan edib ki, bu səfər "vahid Çin" prinsipinin ciddi şəkildə pozulmasıdır, ÇXR-in ərazi bütövlüyünü və suverenliyini pozur. Həmçinin, Çin diplomatik departamenti ABŞ-ı Çin üzərində nəzarəti bərqərar etmək üçün "Tayvan kartı ilə oynamamağa" səsləyib.