İQTİSADİYYAT

Ölkəyə toxum idxalı üç dəfədən çox artacaq

Dövlət Toxum Fondu tərəfindən cari il ərzində fermerlərin maarifləndirilməsi istiqamətində müxtəlif təlim-seminarlar təşkil edilib.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Dövlət Toxum Fondu ölkəyə toxum idxalını 3 dəfədən çox artıracaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ölkəyə toxum idxalını 3 dəfədən çox artıraraq bu il 1200 tona çatdırmağı planlaşdırır.
Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov "Report"a açıqlamasında bildirib ki, cari il ərzində Dövlət Toxum Fondunun aqronom və mütəxəssisləri tərəfindən toxumluq sahələrdə aparılan monitorinqin nəticəsinə görə bu il fermerlər yüksək məhsul əldə ediblər:
"Xatırladım ki, ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəmizə 340 ton elit buğda toxumu idxal olunub. Fermer və təsərrüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib. Bu ilin yanvar ayından başlayaraq Fond tərəfindən Şabran, Xaçmaz, Şəki, Ağcabədi, Qobustan, Füzuli, Beyləqan, Göygöl, Tovuz, Gədəbəy, rayonlarında toxumluq sahələrə baxış keçirilib, fermer və təsərrüfat sahibləri ilə söhbətlər aparılıb, aqrotexniki qulluqla bağlı bir sıra tövsiyələr verilib".
O deyib ki, ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə və yüksək reproduksiyalı toxumlara olan tələbatı nəzərə alaraq, toxumçuluq üçün nəzərdə tutulan elit toxumlarının gətirilməsi Dövlət Toxum Fondu tərəfindən bu il də davam etdirilib.
S.Sərxanov bildirib ki, aqrar sahənin inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, o cümlədən toxumçuluğun inkişafı üçün mühüm addımlar atılır və bu sahə daim diqqət mərkəzindədir: "Hazırda Dövlət Toxum Fondunun Qobustan, Xaçmaz, Şəki, Ağcabədi və Tovuz rayonlarında 5 toxum emalı müəssisəsi fəaliyyət göstərir. Müəssisələrin istehsal gücü saatda 5 tondur".
"Burada toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri həyata keçirilir və fermerlər yüksək kondisiyalı toxumlarla təmin edilir. Bu il 13 min tona yaxın toxum materialının emal olunması üçün müqavilə bağlanılıb. Artıq emal prosesinin 50%-i tamamlanıb", - deyə o əlavə edib.
S.Sərxanov həmçinin əlavə edib ki, Dövlət Toxum Fondu tərəfindən cari il ərzində fermerlərin maarifləndirilməsi istiqamətində müxtəlif təlim-seminarlar təşkil edilib. Bu ilin sonuna kimi də bölgələrdə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.