BAKI, 18 avqust — Sputnik. Yeni tədris ili yaxınlaşdıqca valideynlərin qayğıları daha da artır. Övladını məktəbli olan valideynlər yeni dərs ili ərəfəsi məktəbli ləvazimatlarına eləcə də məktəbli formasına xeyli pul xərləməli olurlar. Bəs görəsən bu il məktəb bazarlığı valideynlərə neçəyə başa gələcək?
Sputnik Azərbaycan paytaxtdakı məktəbli ləvazimatlarının satış mağazalarında qiymətləri araşdırıb. Müşahidələrimiz əsasında məktəbli ləvazimatlarının qiymətlərinin mağazalarda təxminən eyni olduğu, əsasən keyfiyyətinə və istehsal olunduğu ölkəyə görə dəyişdiyi məlum oldu.
Satıcılar bildirdilər ki, hazırda satışda Türkiyə və Rusiya istehsalı olan məktəbli ləvazimatlarının qiyməti daha bahadır. Metronun "Elmlər Akademiyası" nın çıxışında yerləşən mağazalardan birinin satıcısı Camal Qüdrətov Sputnik Azərbaycan-a bildirib ki, alıcılar əsasən Rusiya istehsalı olan məktəbli çantalarına üstünük verirlər. Ən çox alınan isə Rusiya istehsalı olan dəftər, albom və karandaşlardır.
Bakıda məktəb ləvazımatlarının satışı
© Sputnik / Zulfiyya Guluyeva
Beləliklə hazırda satışda ən ucuz məktəbli çantasının qiyməti 15 manatdır. Çantaların qiyməti istehsal edildiyi ölkəyə görə dəyişir. Çin istehsalı olan məktəbli çantalarının qiyməti 15-25 manat civarındadır. Türkiyə istehsalı olan məktəbli çantalarının qiyməti isə 35 manatdan başlayır. Qiymətlər 95-110 manata qədər dəyişir. " Jasmin Star " çantalarının ən ucuzu 55 manatdır. Qiymət 95 manata qədər dəyişir.
12 vərəqli dəftərlərin qiyməti 15-20 qəpiyə təklif olunur. 60 vərəqli dəftərlər 1 manat 15 qəpiyə, 96 vərəqli dəftərlər 1 manat 60 qəpiyə satılır. 100 vərəqli dəftər 2 manat 30 qəpikdir. 40 vərəqli dəftərlər satışda 1 manata təklif olunur.
Bakıda məktəb ləvazımatlarının satışı
© Sputnik / Zulfiyya Guluyeva
Qələmlərin qiyməti isə 20 qəpikdən 90 qəpiyədək dəyişir. Kitab üzləri 25 qəpik, dəftər üzləri isə 20 qəpiyə satılır. Xətkeşlərin qiyməti 90 qəpik-1 manat 20 qəpik arasında dəyişir. Amma satışda 20 sm-lik xətkeşləri 50 qəpiyə də almaq mümkündür. Pərgar dəsti 4 manata, xətkeş dəsti 2 manat 80 qəpikdir. Rəngli kartonların qiyməti 1 manat 40, 1 manat 60 qəpikdən başlayır. Rəsmxətt qovluğu 2 manat 20 qəpikdir. Rəsm albomlarının qiyməti 1 manat 40 qəpikdən başlayaraq 2 manat 50 qəpiyədək dəyişir. 12 ədədlik rəngli karandaşların qiyməti isə fərqlidir. 3 manat 80 qəpikdən başlayaraq qiymətlər 7 manatadək təklif olunur.
Flomasterlərin qiyməti isə 90 qəpikdən-5 manat 60 qəpik aralığındadır. Pozanların qiyməti 25 qəpikdən 80 qəpiyə, karandaşyonanların qiyməti isə 40-90 qəpik civarındadır. Sadə qələmlərin qiyməti 15 qəpikdən başlayaraq 1 manatadək dəyişir. Qara sadə karandaşların qiyməti 30 qəpikdir. Qayçıların qiyməti 90 qəpikdən 1 manat 80 qəpiyədək təklif olunur. Qələm qablarının qiyməti isə 2 manat 80 qəpikdən başlayaraq 5 manat 90 qəpiyədək dəyişir. Kiçik termozların və su qablarının qiyməti 3 manat 30 qəpikdən başlayır. Plastilinlərin qiyməti 2 manat 90 qəpikdən 5 manat 50 qəpiyədəkdir. Gündəliyin qiyməti isə 2 manatdır.
Satıcılar bu il məktəbli ləvazimatlarının qiymətində bahalaşma olduğunu bildirdilər. Anar Qasımov adlı satıcı bildirdi ki, 12 vərəqli dəftər ötən il 10-12 qəpiyə satılırdı. Bu il isə qiyməti 15 qəpikdən aşağı deyil. Həmçinin karandaş, dəftər və kitab üzü, xətkeş və məktəbli formasının qiymətində də bahalaşma var.
Bakıda məktəb ləvazımatlarının satışı
© Sputnik / Zulfiyya Guluyeva
Amma təbii ki, məktəb bazarlığı məktəbli ləvazimatları almaqla bitmir. Bu il yeni məktəbli formaları satışa buraxıldığından məktəbli formalarının qiyməti də bahalaşıb. BTE-nin istehsal etdiyi yay məktəbli forması dəstinin (köynək-şalvar, köynək-ətək) qiyməti 39 manatdır. Tək polo qolu qısa və yaxud qolu uzun köynəyin qiyməti 14, şalvar yaxud ətəyin qiyməti 25 manat təşkil edir. Jaketin qiyməti isə 27 manatadır. Əgər valideyn bir ədəd qolu qısa, bir ədəd qolu uzun polo, 1 ədəd şalvar, bir ədəd jaket alsa bunun üçün 80 manat pul ödəməlidir. Bu məktəbə gedən bir şagirdin yay və qış üçün geyim dəstinin qiymətidir. Məktəbli kalqotqalarının qiyməti isə 6 manatdır. Ayaqqabıların satış qiyməti ölçüsünə uyğun olaraq 40-65 manat arası dəyişir.
Bu məktəb öncəsi valideynlərin xərcləyəcəyi məbləğdir. İllərdir ki, dövlət dərsliklərin çapına çəkilən xərci öz üzərinə götürməklə valideynlərin yükünü qismən azaltsa da, məktəblərdə müxtəlif fənlər üzrə əlavə vəsaitlər tələb olunur. Kitab mağazalarından Sputnik Azərbaycan-a bildirdilər ki, bu il əlavə dərs vəsaitlərinin, xüsusilə DİM-in test toplularının qiymətində bahalaşma var.