BAKI, 17 avqust - Sputnik. Bu gün Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu keçirilib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:45-də start götürüb.
Oyunda hesab açılmayıb.
Matçı Sloveniyadan olan FIFA referisi Slavko Vinçiç idarə edib.
Matçda əla başlayan “köhlən atlar” 3-cü dəqiqədə hesabı açmağa yaxın olub. Lakin qonaqların qapıçısı Yindrjix Stanek ardıcıl 3 epizodda əvvəl Marko Veşoviçin, ardınca isə Marko Yankoviç və Bədavi Hüseynovun zərbəsini dəf edib. Cəmi 5 dəqiqə sonra Veşoviçin sağ cinahdan iti ötürməsinə Abdullah Zubir toxuna bilməyib.
21-ci dəqiqədə rəqibin küc zərbəsi zamanı Ağdam klubunun futbolçuları topu qapı xəttindən çıxarıblar. 23-cü dəqiqədə meydanda insident baş verib. Qonaqların futbolçusu Con Moskera Veşoviçlə mübahisə edib. Bu zaman o, monteneqrolu oyunçunu itələyərək yıxıb. Nəticədə Moskera sarı vərəqə ilə cəzalandırılıb.
27-ci dəqiqədə rəqibi əks hücumda yaxalayan Zubir bir ötürmə ilə Vadjini qolkiperlə təkbətək qoysa da, seneqallı forvardın zərbəsini Stanek ayaqları ilə çıxarıb. 34-cü dəqiqədə Plzen təmsilçisindən Pavel Buxa yaxın məsafədən topu qapıdan keçirə bilməyib. 42-ci dəqiqədə Ramil Şeydayevin zərbəsi zəif alındığından, qapıçı topu asanlıqla tutub. 45-ci dəqiqədə Toral Bayramov iti bucaq altından qapını nişan alsa da, hədəfdən yayınıb. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb.
İkinci yarıda da üstünlük “Qarabağ”ın tərəfində olub. Bunun məntiqi nəticəsi kimi, 47-ci dəqiqədə Kadi Borgesin qüvvətli zərbəsi qapının üstündən keçib. Zubir 58 və 62-ci dəqiqələrdə qapı istiqamətində zərbə endirsə də, qolkiper hesabın açılmasına imkan verməyib. 73-cü dəqiqədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 2 oyunçu dəyişikiyinə əl atıb.
O, passivlərində sarı vərəqələri olan Yankoviçi Riçard Almeyda ilə, Vadjini isə Kvabena Ovusu ilə əvəzləyib. 75-ci dəqiqədə Vatslav Yemelkanın zərbəsində dəqiqlik çatmayıb. 83-cü dəqiqədə ikinci hissədə meydana daxil olan Filip ozobiçin qüvvətli zərbəsini Stanek çətinliklə dəf edib. 88-ci dəqiqədə Kadi Borgesin vurduğu top tirin üstündən keçib. Beləliklə, ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb (Report).
Xatırladaq ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
***
Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda insident baş verib.
Oyunun 23-cü dəqiqəsində qonaqların futbolçusu Con Moskera "Qarabağ"ın müdafiəçisi Marko Veşoviçlə mübahisə edib. Bu zaman o, monteneqrolu oyunçunu itələyərək yıxıb.
Nəticədə Moskera sarı vərəqə ilə cəzalandırılıb.