MƏDƏNİYYƏT

Dünya şöhrətli müğənninin xatirəsi anılıb

Anadan olmasının 80-ci ildönümünü qeyd edilən Xalq artisti Müslüm Maqomayevin repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib
Sputnik
BAKI, 17 avqust — Sputnik. Bu gün dünyaşöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80-ci ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri Birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.
Xalq artistinin məzarı önünə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklil qoyulub.
Dünyaşöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
Mərasimdə iştirak edən Mədəniyyət naziri Anar Kərimov Xalq artistinin yaradıcılığından söz açıb. Unudulmaz ifaçının öz ölkəsinə bağlılığının onun yaradıcılığında və mahnılarında da duyulduğunu qeyd edən nazir deyib: "Biz Azərbaycan xalqı olaraq M.Maqomayev kimi şəxsiyyəti heç vaxt unutmayacağıq və onun ifa etdiyi mahnılar daim bizim yaddaşımızda özünəməxsus yerini tutacaq. Dövlətimiz tərəfindən də onun yaradıcılığına hər zaman böyük dəstək göstərilib. Eyni zamanda, ulu öndər Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirərək, Müslüm Maqomayevə çox böyük dəstək olub. Bu ənənə də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. M.Maqomayevin yaradıcılığı və mahnıları hər zaman qəlblərdə yaşayıb və həmişə də yaşayacaq".
Dünyaşöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
Müslüm Maqomayevin gənc yaşlarında məşhurlaşdığını deyən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, o, öz vətənində sevildiyi kimi, eyni zamanda, bütün dünyada sevilir: "Mən çox təəssüf hissi keçirirəm ki, dostumuz M.Maqomayevə bizim azad Şuşamızı görmək qismət olmadı. Amma buna baxmayaraq keçən ilki Cıdır düzündəki möhtəşəm konsertin sonluğunda Müslümün "Azərbaycan" mahnısı səslənib. Bu gözəl əsər bizim bu qəbildən olan bütün konsertlərimizdə hər zaman səslənir və səslənəcək. Bizim yeni gələn nəsillərimiz, gənclərimiz də bilməlidirlər ki, bizim musiqi tariximizdə Üzeyir Hacıbəyli, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov və s. kimi əvəzolunmaz, dahi sənətkarlarımız olub. Bu adlar bizim sərvətimizdir. M.Maqomayev həmişə bizim ürəyimizdə və yaddaşımızda yaşayacaq".
Dünyaşöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
Müslüm Maqomayevlə uşaqlıq illərindən dostluq etdiyini bildirən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov onun əsrarəngiz yaradıcılığı ilə bərabər, eyni zamanda, yüksək insani keyfiyyətlərə malik olduğunu bildirib: "Müslüm son illərini tam olaraq rəsm sənətinə həsr etmişdi. O ifaçılıqla yanaşı, həm də gözəl rəsm əsərləri yaradırdı. O, həmçinin bizim İttifaqın da fəxri üzvü idi. Müslümdə olan ürəkaçıqlığı və dostlarına, sevdiklərinə, ümumiyyətlə insanlara olan məhəbbəti hədsiz idi. Ulu öndər Heydər Əliyevin də ona böyük hörməti var idi. Onun haqqında uzun danışmaq olar, amma bu faktdır ki, Müslüm Maqomayev hər zaman ürəklərdə yaşayacaq və əbədi olaraq seviləcək. Onun musiqisi yaşayır və həmişə yaşayacaq".
Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Azər Fərəcov da unudulmaz sənətkarla bağlı xatirlərini bölüşdü: "Biz musiqi aləminə addım atdıqca, onu zirvələrdə gördük. Onun sənəti əlçatmaz idi. Müslüm Maqomayev kimi sənətkarlar 100 ildən bir dünyaya gəlir. O təkcə müğənni deyildi. Həm bəstəkar, həm rəssam, həm də heykəltaraş idi. "Azərbaycan" mahnısı himnimizdən sonra səslənən ən əzəmətli, təntənəli musiqilərdən biridir".