CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhlükəli qəndlər satışda - Kəllə qənd alarkən diqqətli olun!

Ölkədə qənd istehsal edən sexlər, "sentrifuqa" adlanan qurğunu almaq baha başa gəldiyindən, istehlakçıların sağlamlığını təhlükə altına ataraq kükürd tərkibli "sodium hidrosulfit"dən istifadə edirlər.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) keyfiyyətsiz qənd istehsal edən müəssisələrin adlarını açıqlayıb. AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub. Müayinələr zamanı bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.
AQTA-nın adlarını açıqladığı qənd istehsalçıları illərdir ki, öz məhsullarını yerli bazarda satırlar. Bəs görəsən qənd istehsalında aşkarlanmış nöqsanlar nə ilə bağlıdır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2019-cu ildə AQTA-a qənd istehsalında təhlükə ilə bağlı müraciət edib. Birlik sədri deyir ki, AQTA indiyədək araşdırma apararaq təhlükəli qənd istehsal edənlərin varlığını etiraf etsə də, müəssisələrin, malların adını açıqlamayıb:
"İstehlakçıya isə konkret mal adı lazımdır ki, seçim edə bilsin. Bu problem illərdir davam edir. Biz yenidən fevral ayında AQTA-ya və digər aidiyyatı qurumlara müraciət etdik. Nəhayət ki, AQTA susmaqdan əl çəkərək illərdir əhaliyə təhlükəli qənd satanların adını açıqladı".
E.Hüseynov bildirir ki, qənd istehsalında iki üsul mövcuddur. Birlik sədri deyir ki, bunlardan biri standartlara cavab verən üsuldur. Şəkər tozunu əridərkən sarı rəngə çevrilir. Onun sözlərinə görə, əridilmiş şəkər tozundan ağ bəyaz kəllə qənd əldə etmək üçün mərkəzdənqaçma üsulundan istifadə edilməlidir:
"Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük fırlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn sentrifuqa qurğusuna yerləşdirilir. Burada yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz "kəllə qənd" əldə olunur. Amma AQTA tərəfindən adları çəkilən istehsalçılar şəkər tozundan kəllə qənd hazırlamaq üçün daha ucuz olan kimyalaşma yolunu seçirlər. Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə - kükürd dioksid (SO2) əlavə edilir, sarı rəngli məhlul bəyaz rəng alır. Bundan sonra məhlul qəliblərə yerləşdirilib soyudulur və gözlə sarılığı çətinliklə ayırd edilə bilən "bəyaz" kəllə qənd əldə edilir".
E.Hüseynovun sözlərinə görə, SO₂ kimyəvi maddəsindən əsasən sənayedə parça ağartma, dəri aşılama, xalça yuma kimi sahələrdə istifadə olunur.
AİB sədri deyir ki, qənd istehsal edən müəssisələrdə mütləq şəkildə "sentrifuqa" qurğusu olmalıdır. Qiyməti baha olduğundan, qənd istehsal edən sexlər həmin qurğunu almırlar:
"Bu qurğudan Azərbaycanda İmişli Kəllə Qənd Zavodunda var. Biz ölkədə istehsal edilən 27 növ qəndin akreditasiya olunmuş laboratoriyada ekspertizasını keçirtdik. Ekpertizanın rəyindən məlum oldu ki, şəkər tozundan kəllə qənd istehsal edən kiçik sexlərin əksəriyyəti qəndin ağardılması zamanı insan orqanizmi üçün ciddi fəsad yaradan kimyəvi maddədən istifadə edirlər. Bu gün ölkədə fəaliyyət göstərən kiçik qənd sexlərində bu qurğu yoxdur".
E.Hüseynov bildirib ki, akkreditasiya olunmuş laboratoriyada apardıqları ekspertiza zamanı həmin sexlərin qəndi ağartmaq üçün çox təhlükəli maddədən istifadə etdikləri məlum olub:
"Bu, "sodium hidrosulfit" adlanan maddədir. Bu maddənin tərkibi kükürdlə zəngindir. Mədə-bağırsaq fəaliyyətinin pozulmasına səbəb ola biləcək kükürd tərkibli "sodium hidrosulfit" maddəsindən qida istehsalında norma daxilində istifadəyə icazə verilir. Bildiyim qədər qənd istehsalında bu maddənin istifadəsi qəti yolverilməzdir. Çox təəssüf ki, ölkədə qənd istehsal edən sexlər, "sentrifuqa" adlanan qurğunu almaq baha başa gəldiyindən, istehlakçıların sağlamlığını təhlükə altına ataraq kükürd tərkibli "sodium hidrosulfit"dən istifadə edirlər".
AQTA-dan Sputnik Azərbaycan-a bildirilib ki, bir sıra qənd istehsalı sexlərində istifadə olunan maddənin xarici görünüşü tozşəkilli, kəskin, spesifik iyli, tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən və insan orqanizmi üçün təhlükəli olan natrium ditionit (Na2S2O4) maddəsidir. Qeyd olunan maddənin əsasən tekstil sənayesində və kağız istehsalı müəssiələrində ağardıcı kimi istifadə olunduğu müəyyən edilib.
"Baxış zamanı bir sıra qənd istehsalı müəssisəsində natrium ditionit aşkar edilərək maddi sübut kimi götürülüb. Eyni zamanda, həmin müəssisələrdə istehsal olunan məhsullardan sınaq nümunələri götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks müayinələr laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən götürülmüş nümunələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan natrium ditionit aşkar edilib və kükürd dioksidin (SO2) kütlə payının qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub. İstehsal olunmuş və tərkibində natrium ditionit aşkar edilmiş qənd partiyalarının satış üçün dövriyəyə çıxarılmasının qarşısı alınıb", - AQTA bildirib.
Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.
Yoxlamalar nəticəsində tərkibindəki kükürd-dioksidin kütlə payının normadan artıq olduğu müəyyən edilmiş əmtəə nişanları və istehsal müəssisələrinin siyahısı:
1
"Şüvəlan şirniyyat" ASC
"Qidam" ağ qənd
01.03.2021
700 q
"Abşeron" ağ qənd
19.11.2021
600 q
"Bol" ağ qənd
27.01.2022
700 q
"Yek dad" ağ qənd
21.02.2022
700 q
"Bolqənd" xırda qənd
10.11.2021
150 q
"Yek dad" xırda qənd
16.08.2021
150 q
"Yek dad sweet as honey" qənd
01.11.2021
700 q
"Yek dad sweet as honey" qənd
02.03.2022
1700 q
"Bol qənd" kəllə qənd
21.02.2022
700 q
"Abşeron qənd"
kəllə qənd
21.02.2022
100 q
2
"Bolluq" MMC
"Bolluq" ağ qənd
23.12.2021
500 q
"Bəyaz" ağ qənd
10.03.2022
600 q
3
f/ş Nadirov Tofiq Həmid oğlu
"Əsl tam"
əla növ kəllə qənd
01.02.2022
700 q
4
f/ş Kərimov Əfqan Bəhriş oğlu
"Dişləmə" kəllə qənd
24.12.2021
700 q
17.06.2022
09.02.2022
500 q
18.06.2022
5
"Aysu Qida Sənaye LTD" MMC
"Umelaya xozyayka" qənd
13.01.2022
500 q
6
"ŞAM-Fİ İnternational Trading Company" MMC
"Bizim aşçı" ağ qənd
21.02.2022
750 q
7
"Əmin qida sənaye" MMC
"İlğım" ağ qənd
01.06.2021
800 q
8
f/ş Qəmbərov Rauf Rəfi oğlu
"Kral" kəllə qənd
20.02.2022
5 kq
9
f/ş Rəhmanov Pənah Güləhməd oğlu
"Şipşirin" qənd
09.03.2022
700 q
10
f/ş Novruzov Əbdulla Əmir oğlu
"Skazoçnaya tayqa" qənd
21.08.2021
5 kq
11
f/ş Babayev Nazim Səyyaf oğlu
"Əla keyfiyyətli" kəllə qənd
02.03.2022
150 q
12
f/ş Bayramov T.
"Göyçə" qənd
08.02.2021
150 q
AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın "1003 – Çağrı Mərkəzi"nə məlumat verilməsini xahiş edib.