BAKI, 16 avqust — Sputnik. Yeni tədris ili yaxınlaşsa da tələbələrin yataqxana problemi əvvəlki kimi qalıb. Bölgələrdən Bakıya ali təhsil almaq üçün üz tutan tələbələr yenə kirayə mənzil axtarışındadırlar. Kirayə mənzillərin qiymətinin tələbələrin çoxunun maddi imkanına uyğun olmadığını nəzərə alsaq, ali təhsil müəssisələrinin yataqxanaları aztəminatlı tələbələrin köməyinə çata bilər. Bəs görəsən bu il ali təhsil ocaqları öz tələbələrini yataqxana ilə təmin edə biləcəkmi?
Azərbaycan Pedoqoji Universitet Cavid Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisəsinin 240 nəfərlik bir yataqxanası var. Digər yataqxanalarda isə tələbələrin qalması üçün heç bir şərait yoxdur. C. Hüseynovun sözlərinə görə, 2016-cı ildən keçmiş Müəllimlər İnstitutunun yataqxanası APU-nun nəzdinə verilib. 2018-ci ildə isə yataqxana təmir olunub və aylıq ödənişi 70 manatdır:
"Universitetin yataqxanası əsasən xanım tələbələrə verilir. Bu zaman tələbənin aztəminatlı, şəhid və qazi ailəsindən olması nəzərə alınır. Əgər tələbə valideynlərindən birini itiribsə, bu zaman da tələbə yataqxana ilə təmin olunur".
C.Hüseynov qeyd edib ki, tələbələr yataqxana ilə təmin olunmaq üçün universitetə müraciət edə bilərlər. Universitet sözçüsü onu da əlavə edib ki, hazırda ali təhsil müəssisəsinin 1950 yerlik 4 yataqxanada məcburi köçkünlər məskunlaşıb.
Bakı Dövlət Universitetindən isə bildirdilər ki, universitetin yalnız bir yataqxanası var. BDU "Tələbə evi" yataqxanasına qəbul isə universitetin saytı üzərindən aparılır: "Yataqxanada aylıq ödəniş 75 manatdır. Yataqxanaya qəbul zamanı tələbənin sosial durumu qiymətləndirilir. Daha çox aztəminatlı ailələrin, valideyninin birini itirmiş, şəhid və qazi ailələrindən olan tələbələr yataqxana ilə təmin edilir".
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisəsinin 5 yataqxanası var. Amma onların çoxunda məcburi köçkünlər məskunlaşıb. Məcburi köçkünlərin köçürüldüyü yataqxanalar isə istifadəyə yararsız haldadır:
"Bizim universitetin 250 yerlik 1 yataqxanası, on minə yaxın tələbəsi var. Əlbəttə ki, ehtiyacı olan bütün tələbələri yataqxana ilə təmin etmək mümkün deyil. Ona görə də biz müraciət əsasında maddi durumu yaxşı olmayan tələbələri yataqxanaya yerləşdiririk. Yataqxanamızın dördü təmirə yararsızdır. Onlar sökülüb yenidən inşa olunmalıdır. Vəsait ayrıldıqca, yeni yataqxanaların inşasına başlanılacaq".
Əlaqə saxladığımız digər ali təhsil ocaqlarından da yataqxana probleminin hələki tam həll olunmadığını, bəzi universitetlərin yataqxanalarında hələ də məcburi köçkünlərin məskunlaşdığını bildirdilər.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tələbələrin yataqxana probleminin həlli üçün universitetlərin yataqxanalarında məskunlaşmış məcburi köçkünlər tam köçürülməlidir. Bundan sonra tələbə yataqxanalarının əsaslı təmiri, yaxud da yenidən inşasına başlanılmalıdır:
"Yeni tədris ilinə az müddət qalmasına baxmayaraq tələbələrinin əbədi problemi – yataqxana problemi bu il də həllini tapa bilməyib. Baxmayaraq ki, tələbələrin qeyd olunan probleminin hər növbəti ildə aradan qaldırılması ilə bağlı rəsmi qrumlar məlumat verir. Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hər il olduğu kimi car ildə də qalır".
Ekspert qeyd edir ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır. Hansı ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir:
"Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirilirdi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı".
K.Əsədov bildirir ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir:
"Orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problem ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abuturiyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır".
Ekspert deyir ki, sahibkarlar tələbə yataqxanaları inşa edib tələbələrin ixtiyarına verə bilər. Bundan başqa Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və ordan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələrin yataqxana problemini biryolluq həll etmək mümkündür.