BAKI, 16 avqust — Sputnik. "İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub".
Bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
O xatırladıb ki, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib. Füzuli beynəlxalq hava limanında sərhəd nəzarətinin işi təşkil olunub.
"1 452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 1 530 ədəd piyada əleyhinə, 1 762 ədəd tank əleyhinə mina və 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə 104 km məsafədə yeni yollar çəkilib, 223,7 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib. İşğaldan azad edilən ərazilərdə DSX tərəfindən geniş işlər görülüb. Azərbaycan-İran sərhədində 14 zastavanın fəaliyyəti bərpa olunub. Azərbaycan-Ermənistan dövlət sərhədində 110 döyüş məntəqəmiz var. Hazırda orada xidmət davam edir. Ərazilərin minalardan təmizlənməsi üzrə də kifayət qədər işlər görülüb və görülür", - o əlavə edib.