BAKI, 15 avqust — Sputnik. Rusiya hərbçiləri Xarkov vilayətində əcnəbi muzdluların yerləşmə məntəqəsinə havadan zərbələr endirib. Nəticədə 150-dən çox şəxs ölüb və yaralanıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli silahı Xarkov vilayətinin Zoloçev qəsəbəsi ərazisində xarici muzdluların müvəqqəti yerləşmə məntəqəsini vurub", - Konaşenkov bazar ertəsi brifinqdə deyib.
Onun sözlərinə görə, Polşa və Almaniyadan olan 100-dən çox muzdlu öldürülüb, 50-dən çoxu isə yaralanıb.
Konaşenkov həmçinin bildirib ki, Dnepropetrovsk vilayətinin Apostolovo və Sinelnikovo dəmir yolu stansiyaları ərazisində iki dartma elektrik yarımstansiyası yüksək dəqiqlikli havadan buraxılan raketlərlə sıradan çıxarılıb".
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.