BAKI, 15 avqust — Sputnik. Ölkə mətbuatında yeni məktəbli formalarının ilkin qiymətləri açıqlanıb. "Bakı Tikiş Evi" (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimova istinadən yayılan məlumata görə, uzunqol və qısaqol köynəklərin qiyməti təxminən 14 manata, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunacaq. Ümumi məktəbli forması dəstinin (şalvar-köynək, köynək-ətək) qiymətinin 39 manat civarında olacağı bildirilib.
Sputnik Azərbaycan-a açıqlamasında Etibar Əzimov deyib ki, məktəbli formalarının qiyməti hələ tam dəqiqləşməyib:
"Jurnalist qiymətin nə qədər olacağını soruşduqda mən təxmini qiymət söyləmişəm. Bu qiymət dəqiq deyil. Köynəyin 14 manata satılması mümkün olsa da, biz şalvarı 25 manata sata bilmərik. Çünki, şalvarın maya dəyəri bizə 23 manat 50 qəpiyə başa gəlir. Biz necə bu halda məktəbli şalvarını 25 manata satışa çıxarda bilərik? Şalvar və ətəklərin 60 faizi yundan ibarətdir. Yun parça isə çox bahadır. Biz satış qiyməti ilə parça qiymətinə baxdıqda görürük ki, havayı işləyirik, hətta zərərə gedirik. Ona görə də işdən zərərsiz çıxmaq üçün qiymətləri tənzimləyirik".
E.Əzimov qeyd edib ki, yun parçanın bir metrinin qiyməti 10 dollardır. Bu isə məktəbli formasının qiymətinə təsir edir.
BTE rəsmisi məktəbli formalarının qiymətlərinin avqustun 17-də elan ediləcəyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ni təsdiq edib. Qərara əsasən, bundan öncəki geyim formalarından tədris ilinin sonunadək istifadə etmək mümkün olacaq.