CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ETSN-dən əhaliyə yanğın xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, hazırda ölkə ərazisində müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ərazilərində yanğınların başvermə təhlükəsini artırır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O qeyd edib ki, hazırda ölkə ərazisində müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır:
"Bütün bunları nəzərə alaraq, hamımız təbiət qoynunda olarkən daha da diqqətli olmalı, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurmalıyıq. Hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, qızmar yay günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər".
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində avqustun 20-dək isti hava şəraiti müşahidə olunacaq. Qeyd edək ki, sabah havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.
CƏMİYYƏT
Azərbaycanda meşə yanğınlarının söndürülməsinə helikopterlər cəlb edilib