CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda meşə yanğınlarının söndürülməsinə helikopterlər cəlb edilib

Qəbələ və Şabranda baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Şabran və Qəbələdə yanğınların söndürülməsinə helikopterlər cəlb edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in Şabran rayonunun Xəlfələr kəndi və Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir.
Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğınların daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə hər iki əraziyə FHN-dən əlavə qüvvələr, o cümlədən Aviasiya dəstəsinin iki helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Azərbaycanın şimal bölgələrində meşə yanğınları başlayıb və alov fərdi yaşayış binalarına da keçib.
Belə ki, hazırda Qəbələ rayonunun Tikanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib. O, bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib. Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub.
Şabran rayonunda meşədə başlayan yanğın fərdi yaşayış evlərinə də keçib. Rayonun Dağ Bilici kəndində otlaq sahədən başlayan yanğın meşə ərazisini bürüyüb. Daha sonra yanğının miqyası genişlənib və sözügedən kəndin fərdi yaşayış evləri yanmağa başlayıb. İlkin məlumata görə, kənd ərazisində üç fərdi yaşayış evi yanır.
Yanğının Mumlu və Qazma kəndlərinə də keçdiyi, yaşağış evləri üçün təhlükənin olduğu bildirilir.
Meşə massivində yanğının genişlənməsi ətrafdakı digər kəndlərin sakinləri üçün təhlükə yaradıb.
Bəzi ərazilərdə əhaliyə məxsus ot tayaları və yardımçı binalar yanıb. Güclü külək alovun qarşısını almağa mane olur.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.