BAKI, 15 avqust — Sputnik. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) balansında olan 2 014 mənzili satmaq öhdəliyi ilə kirayəyə verib. Bu barədə Fonda istinadən xəbər verir.
Xatırladaq ki, Azərbaycanda kirayə mənzil mexanizminin tətbiqinə 2019-cu ildə başlanılıb. Bunun üçün İKZF Bakı, Xırdalan və Sumqayıt şəhərlərində 1 yanvar 2013-cü ildən sonra inşa edilmiş, tikinti standartlarına və normalarına uyğun olan hündürmərtəbəli binalardan mənzillər alaraq balansına daxil edib və ölkə vətəndaşlarına təklif etməyə başlayıb. Bütün mənzillər tam təmir edilib, elektrik enerjisi, təbii qaz və su ilə təchiz olunub. Onlar infrastruktur obyektlərinə (səhiyyə, təhsil, ictimai iaşə, nəqliyyat və s.) yaxın yerləşir.
Azərbaycan vətəndaşı dövlətə məxsus mənzillərdə kirayəçi olmaq üçün rəsmi gəlirlərə malik olmalı, məhkumluğu olmamalıdır. Bundan başqa, müraciət anına yaşın 60-dan çox olmaması (son ödəniş tarixinə isə yaşın 70-dən çox olmaması), vaxtı keçmiş öhdəliklərin olmaması da şərtdir.
Kirayə müqaviləsi 3-25 il müddətinə bağlanılır, vətəndaş sonuncu ilin ödənişini – azı 1 illik kirayə haqqını əvvəlcədən həyata keçirir və növbəti aydan ödənişə başlayır.
Şəffaflığın və operativliyin təmin olunması məqsədilə vətəndaşların müraciətləri tam elektronlaşdırılıb. Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.