BAKI, 15 avqust — Sputnik. "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.
AZAL-dan verilən məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.
Qeyd edək ki, avqustun 13-də "Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Xatırladaq ki, bundan öncə avqustun 1-də Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.
Aeroportun yaydığı məlumata görə təyyarə yerli vaxtla saat 12:44-də Bakı hava limanına enib. Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib.