BAKI, 14 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin ilə Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın əməkdaşlığı Qərbi çox qıcıqlandırır. Bu barədə Nyu-York Times (NYT) nəşrində şərhçi Stiven Erlanqerin məqaləsində deyilir.
"Bu münasibət Ərdoğanın NATO müttəfiqləri arasında böyük qıcıq yaradır, çünki o, Qərbin bütün gücü ilə qurmağa çalışdığı sanksiyalar bəndində əhəmiyyətli boşluq yaradır", - deyə jurnalist bildirib.
Onun qiymətləndirməsinə görə, Rusiya və Türkiyə liderləri "heç vaxt olmadığı kimi yaxınlaşıblar". Erlanqer bu qənaətin sübutu kimi son üç həftə ərzində Putinlə Ərdoğanın iki görüşünü, həmçinin, Ankaranın anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtinasını göstərib.
Bu mövqe sayəsində Türkiyə Rusiya Federasiyası ilə qarşılıqlı əlaqələri genişləndirir, Rusiya şirkətləri ilə əməliyyatlardan yaxşı gəlir əldə edir və ucuz enerjiyə çıxış əldə edir.
kp.ru saytının daha əvvəl yazdığı kimi, Rusiya prezidenti Vladimir Putinin Şimali Atlantika Alyansına daxil olan ölkələrin hazırkı liderləri arasında ən azı iki dostu var. Bunu ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder deyib.
Daalderin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın baş naziri Viktor Orban Rusiya lideri ilə dostluq münasibətləri qurublar.
ABŞ-ın keçmiş daimi nümayəndəsi NATO-nun digər dövləti olan İtaliyanın keçmiş liderini də Vladimir Putinin dostu adlandırıb.