MƏDƏNİYYƏT

Şuşaya həsr olunmuş film işıq üzü görəcək - bu dəfə dağıdılmış təhsil ocaqları barədə

Həm yerli ictimaiyyət, həm də beynəlxalq auditoriya üçün nəzərdə tutulmuş film Azərbaycan dilindən savayı, subtitrlərlə həm ingilis, həm də rus dillərində hazırlanacaq.
Sputnik
BAKI, 13 avqust - Sputnik. Şuşanın mədəni irsinin talanmasına həsr olunmuş sənədli film çəkiləcək. Azərtac xəbər verir ki, ekran əsəri “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin (AJN) “Şuşa İli”nə həsr olunan layihəsi çərçivəsində ərsəyə gələcək.
“Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” layihəsi çərçivəsində çəkiləcək film iki hissədən ibarət olacaq.
Şuşada dağıdılmış tikili
Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin qalibidir.
Layihənin əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək üçün iki hissəli sənədli film hazırlamaqdır.
Şuşada dağıdılmış tikili
Hazırlanan filmin həm yerli ictimaiyyətə, həm də beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur. Bu məqsədlə filmlər Azərbaycan dilindən savayı, subtitrlərlə həm ingilis, həm də rus dillərində hazırlanacaq.
Qeyd edək ki, ikihissəli sənədli filmin əsas mövzusu Şuşada məktəblər və tədris mərkəzləri, həmçinin Şuşada mövcud olmuş mədəni mühit və mədəniyyət abidələri barədə olacaq.