CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çindən gətirilən pestisidin istifadəsinə icazə verilməyib - AQTA

Preparata dair mənşə sertifikatının verildiyi ÇXR-in Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası tərəfindən göndərilmiş cavab məktubunda sertifikatın saxta olduğu bildirilib
Sputnik
BAKI, 12 avqust — Sputnik. Fiziki şəxs Atakişiyev Məhərrəm Əmirxəlil oğlu tərəfindən Çin Xalq Respublikasından idxal olunan, ümumi çəkisi 3500 kq "TİTAN 350 SC" adlı pestisid məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində məhsulun saxtalaşdırıldığı, etiket məlumatları ilə tərkibinin uyğunsuz olduğu müəyyən edilib.
AQTA-nın yaydığı məlumata görə, aşkar olunmuş uyğunsuzluqla əlaqədar pestisidin istifadə təyinatı üzrə tətbiqinə icazə verilməyib.
Təqdim olunan sənədlərin həqiqiliyinə dair şübhələr yarandığından, məsələnin araşdırılması məqsədilə idxalçı ölkənin aidiyyəti qurumuna sorğu göndərilib. Müraciət əsasında, preparata dair mənşə sertifikatının verildiyi Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası (China Council for Promotion of International Trade) tərəfindən göndərilmiş cavab məktubunda sertifikatın saxta olduğu bildirilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilib.
Qeyd edək ki, AQTA saxta və keyfiyyətsiz pestisid və aqrokimyəvi maddələrin dövriyyəyə çıxarılması ilə bağlı nəzarət tədbirlərini gücləndirib. Sahibkarlıq subyektləri tərəfindən saxta məhsulların təsərrüfatlarda istifadəsi yolverilməzdir.
Məlumat üçün bildirək ki, pestisid bitki zərərverici və xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, oduncağa, pambıq məmulatları, yun, dəri, həmçinin insan və heyvanlarda təhlükəli xəstəlik yayanlara qarşı mübarizədə istifadə edilən kimyəvi maddədir.