BAKI, 11 avqust — Sputnik. Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.
Bu, Elm və Təhsil Nazirliyinin dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planının təsdiqi barədə əmrində öz əksini tapıb.
Qeyd olunub ki, dərs ili iki yarımilə bölünür:
I yarımil: 1 oktyabr - 26 yanvar;
II yarımil: 1 fevral - 31 may.
Bildirilib ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
payız tətili: 16-20 noyabr (5 gün);
qış tətili: 27-31 yanvar (5 gün);
əlavə tətil: 1-5 may (5 gün).
Qeyd edək ki, 2022-2023-cü tədris ilində dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı 2022-ci ildə tamam olan uşaqlar qəbul edilirlər.
Qeyd olunub ki, azsaylı xalqların uşaqlarından ibarət qruplarda məktəbəhazırlıq təhsili, əsasən, həmin uşaqların seçilən tədris dili üzrə nitq bacarıqlarının formalaşdırılmasını, eləcə də məktəbəhazırlıqla bağlı digər zəruri məsələlərin təmin olunmasını nəzərdə tutur.
Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:
- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;
- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.
Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.
Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 (dörd) gün keçilir. Bir gün ərzində 3 (üç) məşğələ tədris olunur.
Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları verilmir.
Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzular müvafiq qrup jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.
Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı müəllimlər tərəfindən aparılır.