BAKI, 11 avqust — Sputnik. Avqust 11-də saat 11:00-da şagird sayı 500 nəfərdən çox olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Təhsil Nazirliyindən verilən məlumata görə, proses nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir.
"Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları"na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarət olacaq.
Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək.
Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar.
Qeyd edək ki, 2021-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış və müsahibə mərhələsinə dəvət olunmamış şəxslər birbaşa esse mərhələsində iştirak etmək imkanı qazanacaqlar. Həmin şəxslər yenidən test imtahanı mərhələsində iştirak etdikləri halda ötənilki müsabiqə nəticəsi qüvvədən düşəcək.