RUSİYA

Ekspert Rusiya sülhməramlılarının Laçın dəhlizini nə vaxt tərk edəcəyini açıqladı

Rusiyalı ekspert bildirib ki, RF sülhməramlıları Üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsinə nəzarət edir, daşımaların təhlükəsizliyini təmin edir, lazım gələrsə, danışıqlarda vasitəçi kimi fəaliyyət göstərir.
Sputnik
BAKI, 11 avqust — Sputnik. Laçın dəhlizi üçün alternativ marşrutun çəkilməsi Azərbaycan və Ermənistanın 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərindən biridir. Bunu rusiyalı politoloq Andrey Petrov bildirib.
O xatırladıb ki, üçtərəfli bəyanatın 6-cı bəndində qeyd olunur ki, tərəflərin razılığı ilə yaxın üç ildə Laçın dəhlizi ilə Qarabağ və Ermənistan arasında əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun tikintisi planı və sonradan rusiyalı sülhməramlı kontingentin yolun mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xəttinin çəkilməsi nəzərdə tutulub.

"Bakı və Yerevan əvvəlcə razılaşdılar ki, Ermənistan ərazisindən Xankəndinə gedən dəhliz yalnız müvəqqəti olaraq Azərbaycanın Laçın şəhərindən keçsin, çünki bu şəhər müharibə zamanı işğaldan azad edilmiş digər yaşayış məntəqələri kimi, Azərbaycan dövlətinə reinteqrasiya edilməlidir", – deyə ekspert vurğulayıb.

Laçına daxil olmadan yeni avtomobil yolunun asfaltlanması
Onun sözlərinə görə, Bakı öz öhdəlikləri çərçivəsində Laçın dəhlizinin indiki dəhlizdən cənuba doğru uzanan yeni marşrutunu tamamlayıb.
"Bəyanatın eyni 6-cı bəndində dəhlizin eni 5 km müəyyən edildiyindən Azərbaycan kəndlərindən bir qədər aralıda alternativ yol çəkilir və təbii olaraq Ermənistanın Kornidzor kəndi yaxınlığında Ermənistan sərhədinə şıxır. Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi ilə bağlı bütün razılaşmalar yerinə yetirilən kimi, Azərbaycan Laçını tam şəkildə bərpası ilə məşğul ola biləcək. Bu prosesə yeganə maneə Ermənistan tərəfinin ləngiməsi ola bilər, halbuki onlara yolun cəmi 8 km-ni - Tex kəndindən Kornidzora qədər olan hissəni tikmək lazımdır", - deyə ekspert qeyd edib.
Petrov onu da bildirib ki, Rusiya tərəfi burada da elə həmin sülhməramlı funksiyanı yerinə yetirir - sülhməramlılar Üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsinə nəzarət edir, daşımaların təhlükəsizliyini təmin edir, lazım gələrsə, danışıqlarda vasitəçi kimi fəaliyyət göstərir.

"Alternativ yol çəkilib inşa edilən kimi sülhməramlılar Laçın dəhlizinin indiki marşrutunu tərk edərək yeni yolda yerləşəcəklər", - deyə politoloq fikirlərini tamamlayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisinin başa çatması ilə bağlı məlumat yayıb.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi artıq yekunlaşıb", - deyə agentlikdən bildirilib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Laçın dəhlizi ətrafındakı vəziyyət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı əsasında həll edilməlidir. Rusiya XİN-dən bildirilib ki, Moskva regiondakı vəziyyəti diqqətdə saxlayır.
Qeyd olunub ki, Rusiya Ermənistan və Azərbaycan arasında avqustun sonuna qədər yüksək səviyyəli təmasların qurulması üzərində iş aparır.